Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb - AÇIQLAMA

 23:53 19.12.2024     126

"Yəqin hamımız polisin gündəlik açıqlamalarında, xüsusən də DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin statuslarında rast gəlirik ki, hər gün filan sayda itkin düşənlər, axtarışda olanlar, borcu olanlar və s. tapılıb və aidiyyatı üzrə təhvil verilib".

Redaktor.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə,bəzilərinə elə gələ bilər ki, bu rəqəmlər reallığı əks etdirmir, hər gün bu qədər insanın tapılması real deyil,  sadəcə statistika üçün paylaşılır:

"Əslində isə düşünürəm ki, bu tip 2-3 cümləlik məlumatın arxasında bizim görmədiyimiz xeyli məqamlar var.

Diqqət cəlb edən budur ki, polis bütün bunları yalnız təbii intellektin gücü ilə edə bilməzdi.  
Görünür ki, son zamanlar süni intellektdən istifadə, texnologiyaların tətbiqi, “Təhlükəsiz Şəhər Sistemi" çərçivəsində aparılan işlər, xüsusilə də COP29-dan öncə şəhərdə video-müşahidə sisteminin gücləndirilməsi işləri uğurlu olub.
Müşahidələr göstər ki, polisin rəqəmsal transformasiyası xeyli güclənib. Biometriyaya əsaslanan yeni rəqəmsal həllər istifadəyə veriblər.

Artıq şəhərdə əvvəlki ənənəvi kameralarla yanaşı, adam boyu hündürlükdə olan , çox güman ki biometrik identifikasiya məqsədilə quraşdırılan kameralara da tez-tez rast gəlmək olur".

O.Gündüz qeyd edib ki, eyni zamanda ötən ildən kiber polis də fəaliyyətə başlayıb.

"Kiber polis banklarla birləşərək kibercinayətkarlığa və kiber talamalara qarşı bir mərkəz də formalaşdırıblar. Düşünmək ola ki, mobil operatorlarla da birgə fəaliyyət göstərirlər.
Yeri gəlmişkən, artıq son zamanlar bu sahədə kibercinayətlərin bir qədər səngidiyi də müşahidə olunur.

Hər gün açıqlanan statistikalara əsasən düşünmək olar ki, DİN video-müşahidədən, toplanan böyük datalardan və süni intellektdən, həmçinin kiber texnologiyalardan effektiv istiafdə edir.

Məhz süni intellekt müxtəlif mənbələrdən gələn böyük həcmli məlumatları real vaxtda analiz edərək axtarışda olanların hərəkət trayektoriyalarını müəyyən etməyə, ictimai təhlükəsizlik kameralarının görüntülərini real vaxtda təhlil edərək və üz tanıma texnologiyası vasitəsilə axtarışda olan şəxslərin tapılmasına kömək edir.

Beləliklə, hər gün açıqlanan statistikalardan görsənir ki, ölkədə artıq itmək mümkün deyil.
DİN təhlükəsizliyin təmin olunmasında, itkin düşənlərin və axtarışda olanların tapılmasında süni intellektdən  və texnologiyalardan yetərincə bəhrələnir", - deyə o bildirib.

T.İSMAYIL