""TikTok"dakı bu cür hərəkətlər onları uçuruma aparır" - Psixoloq valideynlərə və gənclərə xəbərdarlıq edir
Bu gün cəmiyyətimizin geniş şəkildə istifadə etdiyi sosial şəbəkələr, xüsusilə "TikTok" həm müsbət, həm də mənfi təsirləri ilə gündəmdədir. Üstəlik son günlər "məşhur" tiktokerlərin polis tərəfindən saxlanılması, bu məsələni yenidən gündəmə gətirir.
İnsanlar sosial şəbəkələrdə niyə qeyri-etik ifadələr və hərəkətlər edərək, öz hörmətini aşağı salır?
Mövzu ilə bağlıd Redaktor.az-a danışan psixoloq Aydan Nəzərova qeyd etdi ki, sosial şəbəkələrdə yerləşdirilən videolar təkcə zərərli məzmunla məhdudlaşmır. Əsas məsələ, istifadəçilərin bu platformalardan necə yararlandığı və hansı istiqamətə yönləndirildiyidir.
"Bizim hazırda cəmiyyətin istifadə etdiyi təkcə "TikTok" deyil, digər sosial şəbəkələr də var. Əsas məsələ kim bu sosial şəbəkəni hansı tərəfdən, hansı istiqamətdən istifadə edir. Burada ancaq əxlaqi dəyərlər, mənəvi dəyərlər, psixoloji dəyərlərə təsir edən videolar yerləşdirilmir. Platformalarda alqoritm var ki, istəmədən belə olsa, hansı videoya baxırıqsa, ona uyğun paylaşımları önünə çıxarır. Valideyn işdən gəlir, telefonu uşağa verir ki, başı qarışsın. Belə bir şey var ki, həmin insan özü yetişkin üçün olan videolara baxır, bu da uşağın qarşısına çıxa bilir. Onun üçün də yaxşı olardı ki, telefonu uşağa verəndə nəzarət edilsin. Texnologiya dünyası olduğu üçün uşağı bundan məhrum edə bilmərik. Sadəcə onu düzgün istiqamətləndirmək lazımdır".
Psixoloqun sözlərinə görə, bu cür zərərli məzmunlar paylaşan insanların çoxu uşaqlıq dövründə mənəvi travmalar yaşamış şəxslərdir:
"Hazırda yeniyetmələr, gənclər bu sosial şəbəkələrin əksəriyyətindən istifadə edir və onların qarşına da çıxa bilir. Bu minvalla avtomatik olaraq o videoları izləməyə məruz qalırıq. O cür paylaşım edənlərin uşaqlıq dövrü sağlam keçməyib. Ailədaxili münaqişə, mənəvi, sözlə edilən emosional şiddət ola bilər. Çox vaxt valideynlər səhvə yol verirlər, cəzanı sərt verirlər, burada artıq uşaqlarda müəyyən bir aqressiya yaranır. Məsələn, olur ki, valideynlər uşaqları dinləmədən ehkam kəsirlər. Uşaq da düşünür ki, valideyn məni dinləmədən, hər hansı bir məsələni araşdırmadan məni yanlış anladı və mən yaxşı iş görsəm də diqqət mərkəzində olmuram. Bəziləri övladlarını tərifləmir ki, qürrələnər, özündən razı olar. Ona görə yəni bəzən valideynlərimiz də bu yanlış düşüncədə olur ki, mən uşağı çox tərifləməyim. Uşaqlar fikirləşir ki, görəsən nə etsəm valideynin diqqətini cəlb edərəm. Buna görə də onlar yaxşı işlər yerinə mənfilərə yönəlirlər. Onların şəxsiyyətinin formalaşması dövründə də bu davranışlar artıq onlarda şüuraltı olaraq yeriyir. Nəinki valideynin, hamının diqqətini cəlb etmək istəyirlər. Beləliklə, cəmiyyətin diqqətini çəkən həmin o videoları paylaşırlar. Onların davranışlarını təkrarlayan insanlar da elə uşaqlıq dövründə müəyyən bir travma almış şəxslərdir".
Aydan Nəzərova "TikTok" kimi platformaların fəaliyyətinin dayandırılmasından daha çox, onların müsbət istifadəyə yönləndirilməsinin vacibliyini vurğulayıb:
"Gec olmadan, uşaqları, gəncləri mütəxəssis yanına aparmaq lazımdır. Bu cür hərəkətlər onları uçuruma aparır. Onlar təkcə özünə yox, yeniyetmə, gənclərə də davranışlarıyla ziyan yetirir. Əgər onların bu potensialları varsa ki, insanları, cəmiyyəti toplaya bilirlər, bunu müsbət dəyərləndirsinlər. Buna görə "TikTok"un fəaliyyətini dayandırmaqdansa, müsbət tərəfdən istifadə edilməyə öyrədilməlidir. Çünki bunun içində maarifləndirici videolar da olur".
Türkan İSGƏNDƏRLİ