"Azərbaycan xalqına başsağlığı veririk!" - Şimali Kipr Türk Ticarət və Sənaye Palatası

 14:32 28.12.2024     140

Şimali Kipr Türk Ticarət Palatasının prezidenti Turqay Dəniz onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Türk Ticarət və Sənaye Palataları Birliyinin 3-cü Baş Assambleyasında iştirak etmək üçün Bakıda səfərdə olub.

Redaktor.az xəbər verir ki, Turqay Dəniz ilk olaraq rəhbərlik etdiyi nümayəndə heyəti adından “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına baş sağlığını bildirib.

"Dərdiniz dərdimizdir!" deyən Şimali Kipr Türk Ticarət və Sənaye Palatasının rəhbəri təyyarə qəzası nəticəsində yaralı olanların da tezliklə şəfa tapmaqlarını  arzuladıqlarını deyib.

Palata sədri Turqay Dəniz eyni zamanda Baş Assambleyadakı çıxışında ölkəsinin daima Türk Ticarət və Sənaye Palataları Birliyinə dəstək olacağını qeyd edib.

Bununla yanaşı cənab Dəniz Şimali Kipr Türk Cumhuriyyətinin Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv olmaq üçün müraciət edib. Tam üzvlüklə bağlı sənəd Şura Sədrliyinə təqdim edilib.

Baş Assambleyanın iclaslarında Palata sədri Turqay Dənizi KKTC Bakı Nümayəndəliyi səfiri Ufuk Turqaner, Palata baş katibi Aysun Önet İleri, baş katibin müavini Mustafa Ergüven və KKTC Bakı Nümayəndəliyinin 3-cü katibi Görkem Rəis müşayiət ediblər.

Nümayəndə heyəti səfər çərçivəsində İqtisadiyyat Nazirliyini ziyarət edərək  Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən ASK-nın dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kiprin palataları bu qurumda müşahidəçi qismində iştirak edir.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.

22222