Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir (modern.az).