ADY rəsmisindən Bakı-Balakən qatarı barədə AÇIQLAMA

 09:22 04.01.2025     229

“Bildiyiniz kimi, COVİD19 pandemiyası başladığı dövrdə ölkə ərazisində yataq tipli qatarların fəaliyyəti dayandırılmışdı. Uzun fasilədən sonra ilk olaraq Bakı-Balakən marşrutu üzrə yataq tipli qatarların fəaliyyəti bərpa olunur. Marşrutun uzunluğu 456 km-dir. Başlanğıc və son dayanacaq nəzərə alınmaqla 11 stansiya və dayanacaqdan ibarətdir. Qatarlar hər gün həm Bakıdan, həm də Balakəndən əks istiqamətdə fəaliyyətdə olacaqlar”.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O qeyd edib ki, bu marşrutun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 6 aydan çoxdur ki, hazırlıq işləri görüb:

“Bura yol infrastrukturunun təmiri və sağlamlaşdırılması, marşrut üzrə dayanacaqların təmiri, həmçinin vaqon parkının texniki təmiri aiddir. Bu marşrutunun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 100-dən artıq iş yeri açmışdır. Həmin vəzifələr üzrə işçilər artıq işə götürülüb”.