"Telefondan istifadə uşaqların nitqinə və yaddaşına mənfi təsir edir" - Psixoloqdan XƏBƏRDARLIQ
Müasir dövrdə texnologiyanın həyatımızda tutduğu geniş yer, xüsusilə uşaqlar arasında telefonlara marağın artması ilə bağlı ciddi narahatlıqlar doğurur. Bəzən telefonda oynadıqları oyunlar onlar arasında münaqişələrə səbəb ola bilir. Təəssüflər olsun ki, hərdən bu münaqişələr ciddi fəsadlar törədir.
Bəs telefona tələbatın çox olduğu dövrdə belə halların qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, uşaqların telefonlardan çox istifadə etməsi psixoloji problemlər, qorxu, diqqət çatışmazlığı, asosiallıq və asılılıqların yaranmasına səbəb olur.
"Təəssüf ki, artıq hər yaşdan uşaqlarda, hətta ən kiçik yaşlardan belə telefonlara maraq çox böyükdür. Bu da uşaqları ətraf mühitdən, insanlarla ünsiyyətdən uzaqlaşdırır və asosiallıq yaradır. Bu vəziyyət onların nitqinə, diqqətinə, yaddaşına, təfəkkürünün formalaşmasına və ümumiyyətlə, psixi proseslərinə mənfi təsir göstərir. Elə oyunlar var ki, uşaqlarda aqressiyaya, qorxuların yaranmasına, nifrət hissinin formalaşmasına səbəb olur. Qan tökmək, öldürmək, vurmaq, dalaşmaqla bağlı olan oyunlar uşaqlarda şiddətə və zorakılığa meyli artırır, daxili gərginlik yaradır və ətrafla münasibətlərinin düzgün formalaşmasına mane olur".
Psixoloqun sözlərinə görə, uşaqları internetdən və telefonlardan tamamilə uzaqlaşdırmaq mümkün deyil, lakin valideynlər onların texnologiyadan istifadə müddətinə ciddi nəzarət etməli və oynadıqları oyunları diqqətlə seçməlidirlər.
"Telefonda çox vaxt keçirməyin və asılılığın qarşısını almaq üçün isə uşaqların marağına səbəb olacaq məşğuliyyətlər artırılmalıdır. Valideyn bunu təkbaşına deyil, uşağın istədiyini nəzərə alaraq məşğuliyyəti tapıb onu həmin istiqamətə yönləndirməlidir. Məsələn, musiqi alətlərini öyrənmək, idmanla məşğul olmaq, dil öyrənmək, müxtəlif kurslara getmək və s. həm uşaqların vaxtının səmərəli keçməsinə, həm də onların inkişafına yol açar. Beləliklə, uşaqlar telefonla daha az vaxt keçirmiş olarlar.
Burada valideynlərin üzərinə böyük yük düşür. Unutmayaq ki, uşaqlarımız bizim gələcəyimizdir. Sağlam gələcək istəyiriksə, onları həm fiziki, həm də psixoloji cəhətdən sağlam böyütmək bizim borcumuzdur".
Türkan İSGƏNDƏRLİ