Uşaqlıqda yaşanan travmalardan belə qurtulmaq olar - Psixoloqdan AÇIQLAMA

 15:17 17.01.2025     186

Elmi cəhətdən də sübut olunub ki, uşaqlıqda baş verən psixoloji travmalar insanların gələcək həyatına təsir edir.

Bu travmalardan qurtulmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirdi ki, uşaqlıqda bir sıra yanlış davranışlar uşaqda travmatik nəticələr buraxır:

"Bəli, uşaqlıqda yaşanan hər bir hal gələcək üçün təsir edir. Uşaqlıqda yaşanan travmalar insanın şəxsiyyətinin formalaşmasına, davranışına və hətta fiziki sağlamlığına uzunmüddətli təsir göstərə bilər. Bu travmalar xüsusilə yaxın ailə üzvləri və ya uşağın güvənməli olduğu şəxslər tərəfindən olanda daha mürəkkəb təsirlərə səbəb olur".

Psixoloqun sözlərinə görə, uşaqlıq travmalarının gələcək həyatına bir sıra təsirləri var:

"Emosional təsirlər - travma keçirmiş uşaqlar depressiya, həyəcan pozuntusu, qorxu və tərk edilmə qorxusu və s. hissləri yaşaya bilər. Hətta deyərdim imtahan həyacanı da müəyyən qədər buradan yaranır. Davranış pozuntuları - travmalar impulsivlik, aqressivlik və ya özünə zərər verən davranışları müşahidə etmək olar.
Güvən problemləri - özünə dəyər hissi və özünü qiymətləndirmənin qeyri-adekvat (aşağı və ya normadan yuxarı qiymətləndirilməsi) olması. Fiziki sağlamlıq - Travma uzun müddət stress hormonlarının yüksək səviyyədə qalmasına səbəb olur. Bu zaman immunitet sistemini zəiflədir, ürək-damar xəstəlikləri riski artmış olur".

Aydan Məmmədova qeyd etdi ki, travmalardan qurtulmaq üçün psixoloji terapiyalardan istifadə etmək olar.

"Lakin bunu qeyd edim ki, hər kəsdə terapiya üsulları fərqlənir. Terapiya üsulu seçilmədən öncə konsultasiya olmalı və diaqnoz qoyulmalıdır. Psixoloji Terapiya - Koqnitiv Davranış Terapiyası (CBT) uşaqlıqda formalaşan mənfi inancların və düşüncələrin dəyişdirilməsi üçün istifadə olunur. Deyərdim ki, ən effektiv terapiya üsuludur. Birbaşa düşüncələrlə işlənilir. EMDR - göz hərəkətləri vasitəsilə travmatik hadisələrə olan emosional reaksiyanın azaldılması üçün təsirli üsuldur. Ailə terapiyası - travma yaxın ailə üzvləri tərəfindən törədilibsə, ailədə müraciət edən şəxslə bərabər terapiyaya qatılmalıdır. Art terapiya və oyun terapiyası - şüuraltının mesaj olaraq hər bir şeyi tətbiq etməsi ilə yaşantıları müəyyən etməkdə kömək olur. Qrup terapiya - oxşar travmaları yaşamış insanlarla ünsiyyət qurmaq aydınlanmaya səbəb olur. Psixoloji maarifləndirmə - uşaqlıq travmalarının təsirlərini azaltmaq üçün erkən müdaxilə, güvənli bir terapevtik mühit yaratmaq və fərdin ehtiyaclarına uyğun yanaşmalar seçmək çox əhəmiyyətlidir", - deyə psixoloq bildirdi.

Bənövşə HƏSƏN