“Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur" - Arayik Harutyunyan

 18:57 21.01.2025     139

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib:

“Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.

Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.