İnsan hüquqları komitəsi media savadlılığı ilə əlaqədar müzakirələr keçirəcək
Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Redaktor.az xəbər verir ki, komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.
Komitə sədri, əvvəlcə, 2024-cü ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə məlumat verib. O, nəzərə çatdırıb ki, sessiya ərzində komitənin 12 iclası keçirilib, 23 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə olunub. Belə ki, ötən sessiyada “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi, həmçinin Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” və bir sıra digər qanun layihələrinə baxılıb.
Bildirilib ki, sessiya müddətində komitənin sədri və üzvləri bir çox yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib, görüşlər keçiriblər. Bununla yanaşı, millət vəkilləri insan hüquqları mövzusunda mediada çıxışlar edib, müsahibələr veriblər, habelə televiziya proqramlarında ictimai həyatın müxtəlif sferalarını əhatə edən məsələlərə münasibət bildiriblər.
Hesabat dövründə komitəyə 422 sənədin daxil olduğu söylənilib. Qeyd edilib ki, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib, lazımi izahatlar verilib.
Sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur. İş planında, habelə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və müharibə cinayətlərinin insan hüquqları aspektində geniş ictimaiyyətə çatdırılması, Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində ictimai dinləmə və dəyirmi masaların keçirilməsi və digər məsələlər öz əksini tapıb.
Bununla yanaşı, yaz sessiyasında rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması, süni intellekt və insan hüquqları, media savadlılığı ilə əlaqədar, ekoloji insan hüquqlarına dair müzakirələrin təşkili, habelə ölkənin insan hüquqları təsisatları qarşısında duran strateji vəzifələrlə bağlı aidiyyəti qurumlarla görüşlərin keçirilməsi və bir sıra digər tədbirlər planlaşdırılır.
Müzakirələrdə komitənin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Vüqar Rəhimzadə, Azər Allahverənov, Sevil Mikayılova, Naqif Həmzəyev çıxış ediblər.
Deputatlar payız sessiyasının məhsuldar keçdiyini, komitə üzvlərinin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş dəyərləndiriblər.
Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Komitənin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.
Komitə sədri Zahid Oruc çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib, habelə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.
İclasda, həmçinin ikinci oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi nəzərdən keçirilib. Dəyişiklikdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Tural Gəncəliyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.