“OBA”dan oğurluq edən şagirdin girov saxlanılması iddialarına CAVAB

 12:54 24.01.2025     154

“9-cu sinifdə oxuyan oğlum iki sinif yoldaşı ilə birlikdə OBA Marketin Sabunçu rayonu, Aydınbəyov 9A ünvanında yerləşən mağazasından şokolad oğurlayıb. Mağaza müdiri məni çağırdı, çarəsizlikdən ağladım, üzr istəyib cəriməsini ödəmək istəsəm də, məndən 300 manat tələb etdilər. Yalvarıb bu məbləği bir az aşağı salmaqlarını xahiş elədim, müdir dedi ki, pulu gətirməyincə, uşağı buradan apara bilməzsiz...”

Redaktor.az xəbər verir ki, bu barədə oğurluq törətməkdə ittiham olunan yeniyetmənin anası sosial şəbəkədə paylaşım edib.  

Onun sözlərinə görə, hadisə baş verən vaxt özü işdə olub və ora sonradan gəlib. Mağaza müdiri oğlunun daha əvvəl də oğurluq etdiyini əsas gətirərək ümumilikdə 700 manatlıq mal oğurlandığını bildirib. Mağaza rəhbərliyinin oğlunu “girov” saxladığını, pulu qaytaracağı təqdirdə buraxacağını iddia edib: “Mənə dedilər ki, uşağınız bundan əvvəl də mağazadan oğurluq edib. Ümumilkdə 700 manatlıq oğurluq olub. Hətta bayram günlərində də oğurluq etdiyini dedilər. Halbuki, uşaq bayram günlərində mənimlə birlikdə rayonda olub. Oğlumla birlikdə oğurluq edən uşağın valideynlərindən isə 70 manat tələb ediblər. Bunu biləndə gedib ağlayıb yalvardım ki, cəmi 500 manat maaş alıram, 300 manatı gətirməyə imkanım yoxdur.  200 manata razılaşdılar, onun da 150 manatını tapıb verdim. Uşağın şəxsiyyət vəsiqəsini və telefonunu saxladılar ki, digər 50 manatı gətirəndə apararsan...”

Problemlə bağlı “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb: “Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələri müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır. Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlanıb. 

Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda videogörüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib. 

Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.

Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Daxili İşlər Nazirliyinə təqdim ediləcək. 

Açıqlamada qeyd edilib ki, mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib: “Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.

Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb. Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq. Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq”.