“Həkimin günahı varsa, ağ xalat onu məsuliyyətdən azad etmir”- Rövşanə Ağasəfqızı

 12:45 26.01.2025     176

“Savadına, biliyinə, peşəsinə, özünə hörmət etdiyim bir neçə həkim plastik cərrah Sənan Mehdiyevin həbsinə etiraz edirlər, həkimləri bu məsələdə birgə olmağa çağırırlar. Razıyam, alqışlayıram da. Kolleqa həmrəyliyi, həmkar birliyi və çox düz də deyirlər ki, yaxşı həkimin həbsi sabah bu peşəyə marağın azalmasına, tibb təhsilli gənclərin xaricə axınına, xaricdə oxuyanların ölkəyə gəlməməsinə, həkimlərin ağır və çətin xəstələri almamasına, ölüm saylarının artmasına səbəb olacaq”.

Redaktor.az xəbər verir ki, bunu məşhur aparıcı Rövşanə Ağaəfqızı deyib.

Aparıcı deyib ki, əgər həkimin günahı varsa, peşəsi ona məsuliyyətdən kənarda qalmaq şansı vermir:

“Çox haqlıdırlar. Amma və lakin həkimin gerçəkdən insan ölümündə günahı varsa, həkim yanlışı ucbatından bir insanın şamı sönübsə,  xəstə başı üstündə ha şam üfür xeyri yox, cavab verəcəksən. Ağ xalat geyinmək məsuliyyətdən kənar qalma şansı vermir. Qanun qanundur, cinayətin rəngi ağ olsun ya qırmızı.

Həkim həbsinə münasibətə yazılan şərhləri oxuyuram çoxu həkimi günahlandırır. Gerçək günahı olub olmadığını bilmədən həkimi qınayırlar. Niyə və nə üçün? Həkimlərə qarşı bu qədər ikrah hissi hardan qaynaqlanır? Güvən itib, inam azalıb sanki. Anamın xəstəliyini gec bildik, ağır xəstəliyin elə mərhələsi idi ki, geridönüşün olacağına inam yox idi. Amma bütün gücümüzlə müalicəyə başladıq, özü də ciddi müalicəyə. Ən bahalı dərmanlar, ən keyfiyyətli müalicə üsulları. Burda öz həkimlərimiz əllərindən gələni etdilər, ən son ana qədər mənimlə, ailəmizlə birgə oldular. Məsuliyyətlə, sevgiylə, amma gəl təəssüf... İndi deyim həkim günahkardır? Əlbəttə, yox. Həkim nə etməliydi ki? Nə lazım idi artıqlaması ilə etdi. Həkim Allah deyil ki.

İndi gələk bu gün həkimlərə ikrah hissinin olma səbəbinə. Ulduzcuq həkimlər, ucuz şou çıxaran, varlı həyatını, bahalı villalarını gözümüzə soxub artistlik edənlər, 400 manatlıq mükafatlarla şellənənlər, sosial şəbəkəni ginekoloji stola çevirənlər, həkim kabinetindən çox instaqramda yatanlar və sonda da gördüyümüz böyük şounun təzahürü. Yalançı sertifikatlar, nə bilim saxta diplomlar. Partlayan silikonlar, əyilən popolar... Bir "doxdur' telefon əlində dingildəyir, o biri gözün-başın süzdürür, biri marça-murç yeməyin-içməyin göstərir.

Bacarıqlı, savadlı, bilikli, qabiliyyətli həkim də gedir belələrinin badına... Qurunun oduna yaş da yanır. Yadıma gəlir bir rəfiqəm əməliyyat olunmuşdu. Plastik cərrah müəllim girdi içəri ilahi nə eqo, nə özündən razılıq, nə fors belə həkim olar? Sənə borcumuz var? Pulunu almısan əməliyyat eləmisən xəstəylə normal maraqlanmaq sənin borcundur axı. Pul çaşdırdı bəzilərini və nə təəssüf yaxşılara da inam azaldı. İndi həkimə azadlıq deyəndə çoxu susur. Beş on dost tanışdan savayı. Ağ xalatın məsuliyyətini daşıyan bütün yaxşı həkimləri özümüz qoruyaq. Həm də özümüz üçün qoruyaq. Hər şey yaxşı olacaq deyən həkimi azmı bağrımıza basmaq istəmişik. "hər şey yaxşı oldu" eşidənə qədər içimiz-içimizi yeyib. Bir bu cümləyə neçə qurban kəsmişik. Sənan Mehdiyevin azadlığa çıxmasına qurban deyənlər. Allah qəbul etsin”.