Oğurluq Bakı-Ağstafa qatarının hərəkətinə mane OLDU

 10:15 29.01.2025     140

Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib:

“Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.

Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır”.

Qeyd edilib ki, təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.