Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Ölkə başçısı qeyd edib ki, biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.
Həmçinin dövlət başçısı onu da qeyd edib ki, nazirliyə göstəriş verilib, proqram hazırlanır. Nəqliyyatla bağlı yeni proqramda yol infrastrukturunun optimallaşdırılması, nəqliyyatın şaxələndirilməsi o cümlədən də ictimai nəqliyyatda sərnişindaşımanın daha təhlükəsiz və keyfiyyətli səviyyəyə çatdırılması istiqamətində müəyyən müddəalar yer alacaqdır. Avtonəqliyyat sahəsi iqtisadiyyatın aparıcı sahələrindən biridir. Bu səbəbdən də dövlətin nəqliyyat sisteminə maraq göstərməsi də labüddür. Son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti olmuşdur. Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tiflis-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tiflis-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tiflis-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər.
Nəqliyyat infrastrukturundan bəhs edərkən, ölkəmizi mövcud olan müasir hava limanlarının imkanlarını xüsusilə qeyd etmək lazımdır. İşğaldan azad edilən Füzulidə və Zəngilanda müasir beynəlxalq hava limanları artıq istifadəyə verilib, Laçın hava limanının inşası isə davam etdirilir. Bir sözlə, bu gün bütün sahələrdə dayanıqlı inkişafa malik Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə diqqət mərkəzindədir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini