Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində azərbaycanlı alimlə görüş keçirildi - FOTO

 15:10 04.02.2025     115

Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri azərbaycanlı alim Seymur Nəsirovla görüş keçirilib.

Redaktor.az xəbər verir ki, Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə Misirin yüksəkvəzifəli şəxsləri, elm xadimləri və burada təhsil alan xarici tələbələr iştirak ediblər.

Tədbirdə İslam İşləri Üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətlərinin Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və onun ölkədə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.

S.Nəsirov fəaliyyəti haqqında, Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən geniş söhbət açıb. Azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən danışan tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda, Misirin baş həkimi Fəthullah ibn Nəfis və baş qazi Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də geniş bəhs edib. Bildirilib ki, cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və yerli muğam (məqam) sənəti tədris olunur. Hazırda cəmiyyətin nəzdindəki kurslarda 59 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgisidir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib. Sərgiyə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb.

Tədbir Misir mediası tərəfindən geniş işıqlandırılıb.

Redaktor.az 

222