Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

 17:27 07.02.2025     87

“Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək.

Bölgələrdə də fevralın 8-də yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xidmət rəisi qeyd edib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar 8-10 fevral tarixlərində dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.