Milli Məclisdə bələdiyyələrin fəaliyyəti müzakirə olundu - FOTO

 18:11 10.02.2025     331

Fevralın 10-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, komitənin sədr müavini Nurlan Həsənov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını bildirib.

Komitə sədrinin müavini ötən ildə yerli özünüidarəetmədə baş verən mühüm dəyişikliklərdən, son bələdiyyə seçkilərindən söz açıb, bələdiyyənin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin əsas aspektlərindən danışıb.

Gündəlikdəki məsələ ilə bağlı komitə sədrinin müavini  bildirib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-ci il üzrə  məruzəsi dolğun və ətraflı hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub.

Daha sonra  ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.

O, 2024-cü ildə Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görülən işlər barədə məlumat verib. Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericilikdə edilən  dəyişikliklər, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü ildə hüquq ekspertizasından keçən 102 831 bələdiyyə aktının  97%-i qanunvericiliyə uyğun olub.

Nazir müavini, ümumilikdə 2024-cü il ərzində həyata keçirilən tədbirlərin ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunduğunu söyləyib.

Sonra təqdim olunan məruzə ətrafında aparılan müzakirələrdə komitənin üzvləri Tahir Rzayev, Aydın Mirzəzadə, Kamran Bayramov, Arzuxan Əli-zadə,Vasif Qafarov, Elman Məmmədov və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək, məruzənin hərtərəfli hazırlandığını qeyd ediblər. Onlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması, bələdiyyələrin birləşdirilməsi  və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər.

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

22