Malıbəyli qətliamından 33 il KEÇİR
![](https://img.redaktor.az/news/2025/02/photo_270010.webp?v=MTc6MjcyMDI1LTAyLTExIDExOjU3OjQ3)
33 il əvvəl, 1992-ci ilin 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Malıbəyli kəndi bu gün azaddır.
Redaktor.az xəbər verir ki, Qarabağ müharibəsi zamanı Malıbəyli erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri olub.Qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilib. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub.Mühasirədə olan kəndin xarici aləmlə yalnız vertolyot vasitəsilə əlaqəsi olub.1992-ci il yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilib. Beləliklə,Malıbəyli kəndi tam blokadaya düşüb.33 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib. Kəndin müdafiəsi zamanı xeyli adam yaralanıb, 50-yə yaxın günahsız insan qətlə yetirilib. İndi - 33 ildən sonra isə həmin tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə yad edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Kəndin ərazisində təmizlik-abadlıq işləri davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.
Qeyd edək ki, 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Əvvəllər Şuşa rayonuna daxil olan kənd 5 dekabr 2023-cü ildə Xocalı rayonunun tərkibinə daxil edilib.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır.