"Məhəmməd Füzuli Qarabulağın yanında dünənin uşağıdır" - Seyran Səxavət
![](https://img.redaktor.az/news/2025/02/photo_270201.webp?v=MjA6NDQyMDI1LTAyLTEyIDE4OjA1OjIw)
""Xalqlar dostluğu" metrosunun adı dəyişdirilməlidir. XXI əsrdə bəşəriyyət elə bir yerə gəlib çıxıb ki, heç insanlar bir-biri ilə dost ola bilmir, o ki qaldı xalqlar ola. Bu, uydurma bir şeydir. Dövlətlərin bi-birinə yaxşı münasibətləri ola bilər. Necə ki, bizimlə Türkiyə dostdur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında yazıçı Seyran Səxavət metro stansiyalarının adlarının dəyişdirilməsini şərh edərkən dedi. Yazıçı həm də bildirdi ki, gənc nəsillərə tarixi dərs vermək üçün bəzi adların olduğu kimi qalması vacibdir:
"Ümumiyyətlə bu ad dəyişmələr əslində olmamalıdır. Məsələn, "20 Yanvar" tərəfdə 11-ci Qızıl Orduya həsr olunan heykəl qoymuşdular. Sonra onu sökdülər. Qızıl Ordu bizim ölkəmizə, Vətənimizə təcavüz edib. Qoy o qalsın, camaat baxsın. Baxanda bizim körpələrimiz, uşaqlarımız, yeniyetmələrimiz, cavanlarımız, orta yaşlılarımız, hətta qocalarımız görsün, məlumatlansın ki, Qızıl Ordu nə edib. Dünyada ad dəyişməkdən pis şey yoxdur. Hamısı tarix məsələləridir. Məsələn bizdə Şaumyan küçəsi var idi. Bu mənim subyektiv fikrimdir ki, o küçənin adı qala bilərdi. Şaumyan kimdir? Azərbaycan xalqının düşməni".
Yazıçı belə ad dəyişikliklərinin tarixi bağları itirməyə səbəb olduğunu və köhnə adların daha mənalı olduğunu qeyd etdi.
"Mən Qarabağın indiki Füzuli rayonunda doğulmuşam və oranın adı dörd-beş dəfə dəyişib, Sərdar, Sərdarabad, Qarabulaq, sonra Qaragin, indi də Füzuli. Qarabulaq daha qədimdir. Bizim, dünyanın nəhəng şairi Məhəmməd Füzuli Qarabulağın yanında dünənin uşağıdır. Çünki bulaqlar olanda heç insan yox idi. Nənəmiz, babamız Adəmlə Həvva belə dünyaya gəlməmişdi. Bundan başqa rayonlarımızın adı, məsələn, Cəlilabad. Orada camaat yaşayanda Mirzə Cəlil harda idi, nə vaxt oranı abad edib? Sabirabad, elə Füzulinin özü. Adları əbədiləşdirmək lazım deyil. Füzulinin adı onsuz da əbədidr. Rayonlara yeni ad qoymaqla, elə Qarabulağı Füzuli ilə dəyişdirməklə o əraziləri cavanlaşdırırıq. Qarabulaqla Füzuli eyni məkan olsa da, tarixi eyni deyil. Məsələn, əvvəllər "Xrebtovi" küçəsi var idi. Mən universitetdə oxuyanda orada kirayədə qalmışam. Oranın da adı dəyişdi", - deyə Seyran Səxavət qeyd etdi.
Türkan İSGƏNDƏRLİ