Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur? - Rəsmi AÇIQLAMA

 13:54 13.02.2025     298

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub. Baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.

Bəs Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa oluna bilərmi?

Redaktor.az mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanladı. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirdi ki, qatarın fəaliyyətə başlaması hələ gözlənilən deyil:

Baxtiyar Haciyev - Public Relations Specialist - Azərbaycan Dəmir Yolları -  ADY / Azerbaijan Railways | LinkedIn

"Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb", - deyə o qeyd etdi.

Türkan İSGƏNDƏRLİ