"O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi"

 14:16 13.02.2025     167

Fevralın 13-də xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anım gündür.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov özünün feysbuk hesabında Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib.

"O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi. Universitetin (Bakı Dövlət Universiteti - red.) rektoru və təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm. Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, "Müəllim" qəzetində çap etdirsən yaxşı olar.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.

Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu. Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi. Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu.Tale elə gətirdi ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum... Allah rəhmət eləsin, məkanı cənnət olsun", - deyə o, yazıb.

Misir Mərdanov yazısını Bəxtiyar Vahabzadənin Ana-dili şeirindən bir parça ilə bitirib:

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən, modalı ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar telli sazlar.

Qoy bunlar mənim olsun.

Ancaq vətən çörəyi, bir də ana ürəyi

Sizlərə qənim olsun.

Turan İSMAYIL

22