Özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq!

Ölkə Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Bu müsahibə çox önəmli idi. Müsahibədə bir çox məsələrə yenidən aydınlıq gətirilib, həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ölkə Prezidenti İlham Əliyev dünyada sözü ilə əməli eynilik təşkil edən rəhbər kimi tanınır və bu cəhət onun siyasi liderlik keyfiyyətlərindəki əsas üstünlüyüdür. Dünya belə bir liderliyə hazırda daha çox ehtiyac duymaqdadır. Cənab Prezident ilk olaraq deyib ki, “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etdik, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də, beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Çoxqütblü dünyada Azərbaycanın yerinə gəldikdə isə dövlət başçısı bunları nəzərə çatdırıb; “ Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Artıq dünya qəbul edir ki, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkəmizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. İndi Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Bununla bağlı son vaxtlar Çinlə müzakirələr aparılıb. Həmçinin qlobal iqlim sammitinə ev sahibliyi etmişik. Bu, nəhəng bir tədbir idi və bu siyahını davam etdirmək olar. Azərbaycanın proaktiv yanaşmasını görmək olar.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini