Dili boynundan çıxan xalqların lallığı...

Araz çayından boğulmuş vəziyyətdə tapılan 29 yaşlı gəncin meyiti əslində işğalda olan Azərbaycan dilinin intiharı idimi?
Lakin Heydərbaba nəğmələrinin ritmləri altında böyüyən Səməd Behrəngi ana dilimizdə "türki" yazdığı üçün fars pəhləvi rejimi tərəfindən çayda boğularaq, öldürüldü. Sırf türk dilində danışmaq uğrunda mübarizə aparmaq üçün şəhid edilmişdi. Eynən Səttarxan, Xiyabani, Pişəvəri kimi...
Ömrünü Arazın bu tayına gəlmək üçün gözü körpü salan Şəhriyar cəmi üçcə il yaşasaydı, SSRİ dağılar, o da müstəqil Azərbaycana- qardaşına gələrdi. Amma bir zamanlar İran İrticası ilə SSRİ-nin rus və fars lisanından daş divarları keçə bilməyən Şəhriyar nə biləydi ki, illər sonra Heydərbaba kimi möhtəşəm abidə yaratdığı ana dili artıq müstəqil vətənində bəyənilməyəcək, elita deyil, "aşağıların" dili durumunda münasibət görəcək. Ad çəkib hallandırmaq istəmirəm: lakin son günlər qızışan rus dili, milli dil müqayisəsi çoxdan əndazəni aşdı. Xüsusilə bu dildə yetişən bəzi intiligensiya elementlərinin mövqeləri cəmiyyətdə böyük təpkilər topladı.
Dil mədəniyyət, ədəbiyyat hadisəsi qədər izah edilir, amma mənə görə də dil ideologiya və qərar, ən əsası son 5 ildə şahidi olduğumuz qələbə hadisəsi idi. Və bu dil Azərbaycanda istifadə edilən türk dili idi.
Zənnimcə, heç bir dildə "Əziz Şuşa, sən azadsan" fikrini ordakı ton qədər ifadə etmək mümkün olmayacaqdır.
Deməli, dil milli kimlik hadisəsi və spesifik tarixi materialın da yaradılması üçün yeni bir doğuluş idi.
İndi cəmiyyət və dövlət olaraq qərar verməliyik;
Bizim ziyalılar kimlərdir?
Ziyalılığın parametrləri ümumiyyətlə nədir?
Azərbaycan dili bizə nə qədər lazımdır?
Xadici dillərin gücünə qarşı reaksiya qabiliyyəti hansı vəziyyətdədir?
Aşağılıq kompleksi bizdən nələri necə alır?
Bir gün İrlandiyanın bir kəndində məktəb direktoru olan Seán O’Connell sinfə daxil olub şagirdlərinə elan etdi ki,
– Artıq İrland dilində danışmaq qadağandır. Yalnız İngiliscə danışacaqsınız!
Bunu deyərkən, sinifdəki uşaqların gözlərində çaşqınlıq vardı. Çünki bu dil onların babalarının, nənələrinin, hətta qəhrəman Michael Collinsin döyüşdüyü və uğrunda qan tökdüyü dil idi. Amma 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəlində İrland xalqı öz dilini prestijsiz hesab edərək İngilis dilinə keçdi. Ana dilində danışanlar kəndlərdə cahil sayılır, şəhərlərdə isə geridə qalmış hesab olunurdu. Bu gün gedib, İrlandiyada bu dildə danışan tapa bilməzsiniz, cəmi 2 faiz qoca və yol nişanlarında ölü bir dilin izi qalıb. Necə deyirlər: “Əlvida, Gaeilge!” – İrlandiyanın İrlandiyaya xəyanəti.
“Mən vəhşiyəm. Çünki fransızca yox, bretonca danışıram.”
Üç milyon bretonlu 20 -ci əsrə qədər danışdığı dili unutdu və artıq onlar da ölüdürlər.
19-cu əsr Moskvası. Böyük bir ziyafətdə Qraf Vasili Petrov qonaqlarına yüksək səslə elan edir:
– Ah, bu rus dili necə də kobud və kəndlidir! Mən yalnız fransızca danışacağam!
Tolstoyun "Hərb və Sülh" romanında da bu tendensiya açıq görünür: Rusiya aristokratiyası rus dilini aşağı səviyyəli hesab edir, əsasən fransızca danışırdı. Bəzi zadəganlar övlətlarının rusca danışmasını istəmir, qulluqçularla belə fransızca ünsiyyət qururdu. Hətta rus generalı Kutusovun öz zabitləri ilə fransızca danışdığı deyilirdi.
Ancaq 1812-ci ildə Napoleon Moskvaya daxil olanda rus aristokratları dərk etdilər ki, öz dillərindən imtina edərək, düşmənlərinin dilində danışmaq, millətin ruhunu öldürmək deməkdir.
Sizə bir nümunə də deyəcəm, qəzetdə yazılan bir parçada deyir:
İş axtaran Rahul Sharma müsahibədə gülümsəyərək dedi:
– Sir, mən ingilis dilində mükəmməl danışa bilirəm! Mənim hindicə danışan kəndçi qohumlarım yoxdur!
Təxminən, son günlərdə verilən rusdilli qaqaşların ritorikasına necə də bənzədi...
Azərbaycanda istifadə edilən dilə qarşı bu aqressivlik başadüşülən deyil. Amma başa düşməliyik ki, bu dil təkcə bizim də dilimiz deyil. Dünyada 60 milyona yaxın insan tərəfindən ana dili kimi istifadə edilən dildə bizim payımız cəmi 16 faizdən bir az artıqdır. Deməli, bu irsə olduğu kimi dəyər verməsək, onu bizim ölkənin içərisində münasibətimizlə dəfn etsək, geridə gözləyən 50 milyona cavab verməyə sözümüz olmayacaq. Hə, bir də ziyalı seçimində diqqətli olmaq lazımdır:
Səməd Behrəngi kimi, Firudin İbrahimi, Qulam Yəhya, Azərbaycan SSRİ- dəki dissidentlər, Vahabzadə və digərləri parametr olmalıdır. Eyni zamanda Heydər Əliyevin yaratdığı bütün 70- ci illərin milli nəsli...
Əziz Əlibəyli
Politoloq