Xocalı soyqırımı!

"Xocalı faciəsi nəinki azərbaycanlılara qarşı, ümumiyyətlə dünya bəşəriyyətinə qarşı edilmiş bir vəhşiliyin göstəricisidir. Erməni millətçilər bu vəhşilikləri ilə əslində xislətlərini ortaya qoymuş oldular. Yaxşı olardı ki, dünya ictimaiyyəti beynəlxalq hüquq, beynəxalq ədalətdən danışanda Xocalı faciəsinə də bir qiymət versin. Görsün ki, mənfur qonşularımız bəşəriyyət üçün necə təhlükəli bir varlıqdır".
1992-ci il fevralın 26-da Xocalıda baş verənlər yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Çünki bu tarix hansısa kiçik cinayət hadisəsi ilə deyil, bütöv Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və bəşəriyyətin ən böyük faciələrindən biri kimi yaddaşlarda qalmışdır. Bu faciənin səbəbkarları isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzunmüddətli müharibənin tərkib hissəsidir. Bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. 23 il bundan əvvəl Xocalıda törədilmiş kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdü. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
Müstəqil milli dövlət quruculuğu yoluna yenicə qədəm qoyan Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən göstərilən acizlik və susqunluq nəticəsində Xocalı faciəsinə anında siyasi qiymət verilməmiş, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməmiş və buna ümumiyyətlə səy də göstərilməmişdir. Əksinə ermənilər xaricdəki imkanlarından istifadə edərək dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Yalnız 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilmişdir. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması rəsmiləşmişdir. 1995-ci il 24 fevral tarixində isə Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti olmuşdur. Həmçinin Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Artıq faciənin 33-cü ildönümünü yaşayırıq. İllər ərzində Xocalı faciəsi, həmin gecə baş verən dəhşətlər barədə çox eşidib, çox oxumuşuq. Qalib ölkənin vətəndaşı olaraq vəzifəmiz keçmişi unutmamaq və həqiqətləri bütün dünyaya bəyan etməkdir. Fəryadı səmaya yüksələn günahsız soydaşlarımızın qisasını igidlərimizin sayəsində aldıq.
İkinci Qarabağ müharibəsi döyüşlərində Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələr haqqın, ədalətin təntənəsi idi. Müharibənin davam etdiyi müddətdə döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın 44 gün kimi qısa bir müddətdə işğaldan azad edilməsi 1992-ci ilin fevralın 26-da Bakıdan kömək gözləyən xocalıları təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara, hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər paradı Xocalı soyqırımı qurbanlarının və Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə yetirilən soydaşlarımızın ruhuna hörmətdir. Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən, faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu, bölgədə sabitliyin qorunması təmin edildi. Mənfur düşməni ona haram olan torpaqlardan çıxardaraq bu lənəti tamamilə təmizlədik.
Təkcə adının ürəyimizdə xüsusi titrəyiş yaratdığı Xocalı bu gün bütün azad olunan ərazilər kimi yenidən bərpa olunur. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır və bu vəzifənin öhdəsindən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalq, dövlət olaraq gələcəyimizdən əminik.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini