Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTO

Goranboyda Xocalı soyqırımı qurbanlarının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Goranboy şəhəri Yeni Yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önündə təşkil olunub.
Tədbirdə rayon rəhbərliyi, Goranboy və Xocalı ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 26-da Xocalı şəhəri erməni qudlurları tərəfindən işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir. Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum olunan 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və videomateriallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha təsdiqlədi.





