Emin Ağalarov "Crocus City Hall"da baş verən terror aktında dəymiş ziyanı AÇIQLADI

 12:54 27.02.2025     193

"Moskva vilayətində Krasnoqorsk şəhərində terror aktı nəticəsində dağılmış "Crocus City Hall" konsert zalının gələcək taleyi hazırda qeyri-müəyyən olaraq qalır".

Redaktor.az xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "RİA Novosti"yə müsahibəsində bildirib.

O qeyd edib ki, konsert zalı yarıdağılmış vəziyyətdədir və onun bildiyi qədər, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov zalın bərpa edilməyəcəyini bəyan edib.

Ağalarov əlavə edib ki, əgər atası, "Crocus Group"un sahibi Araz Ağalarov zalı bərpa etmək qərarına gəlsəydi, bu, böyük maliyyə vəsaitləri - onlarla milyon dollar tələb edərdi ki, hazırkı maliyyə reallıqlarında bu vəsaiti haradan əldə etmək olar, məlum deyil. Onun sözlərinə görə, konsert zalı həmişə "Crocus City"yə insanları cəlb edən bir lövbər rolunu oynayıb, lakin gəlirli biznes olmayıb: ən yaxşı ilində zal cəmi bir milyon dollar gəlir gətirib.

Emin Ağalarovun açıqlamasına görə, "Crocus City Hall"da baş verən terror aktından "Crocus Group"a dəymiş ziyan, ziyarətçi axınının azalması da nəzərə alınmaqla, 150-200 milyon dollar arasında dəyişir.

O, terror aktının hər şeydən əvvəl zərərçəkənlər və yaxınlarını itirənlər üçün böyük faciə olduğunu vurğulayıb.

Həmçinin Emin Ağalarov "Crocus City"də baş verən terror aktından sonra ailəsinə yönələn hücumları ədalətsiz hesab etdiyini bildirib. O, ittihamları və mənfi şərhləri əsassız adlandırıb.

"Bu, çox ədalətsiz idi. Əminəm ki, istintaq bütün faktları açıqlayacaq və vəziyyət aydınlaşacaq", - deyə E.Ağalarov vurğulayıb.

O əlavə edib ki, ailəsi üçün bu hadisə şəxsi faciəyə çevrilib.

"Sanki kimsə sənin evinə gəlib, insanlara atəş açıb və evini yandırıb. Bunu xatırlamaq dəhşətlidir", - deyə Ağalarov qeyd edib.