Nömrəni bu vəziyyətdə saxlayanların DİQQƏTİNƏ - DYP-dən XƏBƏRDARLIQ - FOTO

Əlverişsiz hava şəraitində, xüsusilə qarlı havada avtomobilin üzəri qar təbəqəsi ilə örtülür. Bəzi sürücülər maşının üzərinə yığılan qarı tam təmizləmədən hərəkətə başlayırlar. Bu isə görməni məhdudlaşdırır, hətta qar örtüyünün avtomobilin ön yaxud arxa alın şüşəsinə düşərək qəza riskinə səbəb olur. Digər tərəfdən nəqliyyat vasitələrinin dövlət nömrə nişanları görünməz hala düşür ki, bu da bir qisim sürücülərin qayda pozmalarına şərait yaradır.
Redaktor.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi nömrəsi görünməz halda olan avtomobil sahiblərinə müraciət edib. İdarənin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, mövcud hava şəraitiylə əlaqədar nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının görünüşü məhdudlaşır və bəzi sürücülər bu vəziyyətdə avtomobili idarə edirlər: “Sürücülərdən xahişimiz odur ki, qarlı havada sükan arxasına keçməzdən öncə dövlət qeydiyyat nişanlarına diqqət yetirsinlər. Dövlət nömrə nişanı görünməz haldadırsa onun təmiz saxlanılmasını təmin etsinlər”.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücü yol boyu avtomobilin dövlət nömrə nişanını görünən vəziyyətdə saxlanılmasını təmin etməlidir.
Xatırladaq ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət nömrə nişanının təmiz saxlanılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə nəzərdə tutulub (avtosfer.az).