Xırdalanda universitetə gedən yolda acınacaqlı vəziyyət - VİDEO

 10:47 28.02.2025     150

Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsində yenidən acınacaqlı vəziyyət yaranıb.

Redaktor.az xəbər verir ki, bir neçə ay əvvəl təmir edilən yolda son günlərdə yenidən dərin çalalar yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə, mümkünsüzdür.

Şikayətçilər bildirir ki, Həsən Əliyev küçəsi Xırdalandan Bakı-Sumqayıt yoluna çıxan 3 əsas yoldan biridir. Saray qəsəbəsi istiqamətində olan bu yol, həm də Xırdalandan Bakı Mühəndislik Universitetinə (BMU) gedən yeganə yoldur. Həmçinin bu yoldan çoxsaylı müntəzəm marşrut xətləri və hər gün minlərlə avtomobil istifadə edir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən sorğumuza cavab olaraq bildirildi ki, həmin yoldakı vəziyyətlə bağlı məlumatlıdırlar: “Xırdalan şəhərindəki akademik Həsən Əliyev küçəsində bu ilin yanvar ayında nümayəndəlik tərəfindən cari təmir işləri həyata keçirilib. Lakin yağan son intensiv qar və yağışlardan sonra ərazidə yenidən çalaların əmələ gəldiyi müşahidə olunmaqdadır. Ona görə də yağıntılı havalar bitdikdən sonra Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur” (Qafqazinfo).