Rahim Nurəliyev tərəfindən hazırlanan süni intellekt - "Prokuror Köməkçisi"

Süni intellektin müxtəlif sahələrdə tətbiqi getdikcə genişlənir.
Redaktor.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Rahim Nuraliyev bu tendensiyadan ilhamlanaraq hüquq sahəsinə aid bir süni intellekt proqramı hazırlayıb.
"Rahim Nurəliyev tərəfindən hazırlanan "Prokuror Köməkçisi" adlı süni intellekt Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq verilmiş informasiyanı təhlil edir, uyğun hüquqi bəndləri nümayiş etdirir və işin gedişatı ilə bağlı rəy bildirir. Bu innovativ layihə, hüquq sistemində süni intellektin tətbiqi baxımından mühüm addım kimi qiymətləndirilir. Hər hansı bir cinayət xarakterli hadisə süni intellekt proqramına qeyd edilir və proqram qanunvericiliyə müvafiq olaraq həmin cinayət tərkibinə uyğun müvafiq maddələrə əsaslanaraq cəza tədbirlərini təqdim edir".
Tələbənin sözlərinə görə, hazırda dünyada məşhur süni intellekt modelləri Azərbaycan qanunvericiliyini tam mənimsəmiş deyil.
"Lakin "Prokuror Köməkçisi" xüsusi olaraq Azərbaycan Cinayət Prosessual Qanunvericiliyi və prokurorluqla bağlı digər qanunlarla təchiz edilib. Bu da onu unikal edir. Hər hansı bir sadə vətəndaş görülən qanunvericiliyə zidd olan addımlara və inzibati xətalara görə hansı maddəyə müvafiq cəza tədbirlərini proqramın vasitəsi ilə qısa bir zamanda müəyyən edə bilər. Layihənin ilkin versiyası artıq təqdim olunub və qısa metrajlı bir videoda süni intellektin iş prinsipi nümayiş etdirilib. Rahim Nuraliyev gələcəkdə bu sistemi daha da təkmilləşdirməyi, hətta sıfırdan öz neyron şəbəkəsini yaratmağı planlaşdırır. O, bu cür layihələrin ictimailəşməsinin gənc mütəxəssislərdə süni intellekt proqramına olan marağını artıracağına və süni intellektin müxtəlif sahələrdə proqramlaşdırılmasına töhfə verəcəyinə ümid edir. Süni intellektin hüquq sahəsində istifadəsi gələcəkdə geniş müzakirə mövzularından biri ola bilər. Azərbaycanın gənc istedadlarının bu istiqamətdə və fərqli sahələr üzrə süni zəkaya əsaslanan layihələrin hazırlanmasında xüsusi rol oynayacaq".
Aytəkin TOFİQQIZI