Oruc tutarkən bunlara diqqət EDİN

Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəkindən tam fərqlənir. Elə qidalanmaq lazımdır ki, həm gün boyu aclıq hiss etməyəsən, həm də iftar süfrəsi açılana qədər taqətdən düşməyəsən.
Redaktor.az xəbər verir ki, həm imsak, həm də iftarda yemək seçərkən çox yağlı, çox duzlu və çox şirin qidalardan uzaq durmaq, ən əsası orucu ilıq su ilə açmaq lazımdır. Çünki quru qidaların birbaşa qəbulu həzm problemi yarada bilər.
İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və şorbalara üstünlük verilməlidir. İftardan sonra həzmsizlik, şişkinlik, ağrı və kramp kimi şikayətləri azaltmaq üçün iftarı başlanğıc və əsas yemək olaraq ikiyə bölün.
Başlanğıc olaraq şorba için və 15-20 dəqiqədən sonra əsas yeməyə keçin. Əsas yeməyi isə yavaş-yavaş istehlak edin.
İmsak vaxtı sizi tox saxlayacaq qidaları seçin. Yumurta, süd və süd məhsulları, tərəvəz və meyvələr istehlak edin. Susuzluqdan əziyyət çəkməmək üçün imsak zamanı az yağlı yeməklər qəbul edilməlidir. Eyni zamanda, çərəzlərdən də istifadə edilməsi məsləhətdir.
İftar və sahur yeməklərində çətin həzm olan qidaları rasiondan çıxarmaq lazımdır. Ağartı məhsullarının duzsuz olmasına fikir vermək lazımdır.
Orucunuzu açdıqdan sonra dərhal şirniyyat qəbul etməyə diqqət etmək lazımdır, çünki artıq çəkiyə səbəb olur.
İftarla imsak arası bol miqdarda su içmək tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi içkilər məsləhət görülmür. İftar ilə sahur arasında qəbul ediləcək suya limon dilimləri əlavə edərək içmək mədəni rahatlaşdırır.
Sahurda yeyilən yemək iftara qədər bədəni enerji ilə təmin edir. Bu səbəbdən sahurda mütləq yemək hazırlamaq, su ilə kifayətlənməmək lazımdır.
Orucu açdıqdan sonra dərhal uzanmaq düzgün deyil. İftardan sonra 1 saat piyada gəzmək həzmi yaxşılaşdırır, zəifləyən metabolizminizi sürətləndirir. Bu da çəki artımının qarşısını alır.
Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər (Qafqazinfo).