"Valideynlər bu gün övladlarının peşə təhsili almasına maraq göstərmirlər" - Afət Həsənova

"Azərbaycan iqtisadiyyatı inkişaf edir və əlbəttə ki, iqtisadi inkişaf yeni ixtisaslara, xüsusilə də peşə təhsilli mütəxəssislərə ehtiyacı artırır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Millət vəklinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri peşə təhsilli mütəxəssislərə tələbatı daha da artırır.
“Həmçinin, bu gün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, xidmət, ictimai iaşə, turizm sahəsində də peşə təhsilli mütəxəsislərə tələbat böyükdür. Bu baxımdan, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik mühüm əhəmiyyətə malikdir.
Təəssüf doğuran amillərdən biri də odur ki, valideynlər bu gün övladlarının peşə təhsili almasına maraq göstərmirlər, istəyirlər ki, övladları ali təhsil alsınlar. Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.
Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanuna dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.