Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində OLDU

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.
Redaktor.az bildirir ki, kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə məlumat verdi.
Qeyd edildi ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.
Qırx dörd il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb.
Qədim interyerindəki müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.
Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub. Kilsə tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə təmir edilib.
Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.
Qeyd edək ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur.

