Azərbaycanda 1 narkoloqa 500 narkotik istifadəçisi düşür

 12:05 07.03.2025     138

Ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə rəqəm 34 minə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub:

“Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar".