İstedadlı alimin 70 illik yubileyinə

 10:39 13.03.2025     133

14 mart 2025-ci ildə istedadlı alim, hüquq elmləri doktoru, professor, baş ədliyyə müşaviri, sadiq dostumuz və gözəl ailə başçısı Habil Surxay oğlu Qurbanovun 70 yaşı tamam olur. Habil müəllim onu tanıyanlar üçün çox yaxşı insan və etibarlı dostdur. Onun kimi dərin hörmət qazanmaq hər kəsə nəsib olmur, bunun üçün  “Böyük insan” olmaq lazımdır.

Düz yetmiş il öncə, yurdumuzun gözəl guşəsi olan Ağdam şəhərində, Bahar bayramı ərəfəsində, təkcə ağdamlıların deyil, bütün qarabağlıların tanıdığı və hörmət etdiyi ziyalı ailəsində dünyaya gəlmiş oğlan uşağını valideynləri (ruhları şad olsun) Habil adlandırdılar.

El məsəli var-insanın adı çox vaxt onun taleyini və xarakterini müəyyənləşdirir. Yubilyarımızın adı da onun xarakterini və şəxsi keyfiyyətlərini müəyyən etdi, həyat yoluna işıq saçan ulduza çevrildi. Habil adının mənası çoxlarına məlumdur.  Lakin bunu bilməyənlər üçün bəşər övladının tarixi keçmişinə nəzər salmaq yerinə düşər.

Habil bəşər övladının ilk adlarından, Adəm və Həvvanın iki oğlundan birinin adıdır. Müqəddəs kitablarda, o cümlədən İncil və Quranda (Habil – xristianlıqda Avel) bu ad dəfələrlə qeyd olunub. Bütün inanclarda bu ad zəka, istedad, zəhmət, fədakarlıq, səbir və insanlara olan təmənnasız sevgi ilə əlaqələndirilir.

Xoşbəxtlikdən bütün bu keyfiyyətlərin ən gözəl təzahürləri Habil Surxay oğluna xasdır. Nə illər, nə ictimai statusu və mövqeyi, nə yüksək titulları, nə də rəhbərlik etdiyi məsul dövlət postları onun adının ilahi haləsindən doğan mənəvi keyfiyyətlər çələnginə təsir etmədi. Yubilyarımızın yüksək şəxsiyyəti məhz mənəvi-əxlaqi dəyərlərdən qidalandığı üçün o, həyat yolunda dəfələrlə qarşılaşdığı çətinlikləri ləyaqətlə dəf etmişdir. Belə ki, hər dəfə taleyin şıltaqlıqları ilə üzləşərkən o, ​​həyatın zərbələrindən sarsılmamış, ləyaqətini saxlamış, “Allah bilən məsləhətdir” deməklə bütün bunlara fəlsəfi mövqedən yanaşmışdır.

Habil müəllim Dövlət Pedaqoji İnstitutunu “Fərqlənmə diplomu” ilə coğrafiya müəllimi ixtisası üzrə bitirsə də, tale onun yolunu tamam başqa sahəyə yönəltdi. İllər sonra o, SSRİ Daxili İşlər Nazirliyinin Volqoqrad Ali İstintaq Məktəbini bitirərək peşəkar hüquqşünas oldu. Habil müəllimdə bir peşəkar mütəxəssis kimi bütün gözəl keyfiyyətlər birləşmişdi. Daxili işlər orqanlarında işlədiyi müddətdə karyera pillələrində sürətlə ucalırdı. Uzun illər Daxili İşlər Nazirliyi sistemində işlədikdən sonra xidməti fəaliyyətini prokurorluq orqanlarında davam etdirdi və elə orada da onun həm mütəxəssis, həm də rəhbər işçi kimi yüksək peşəkar keyfiyyətləri daha dolğun şəkildə üzə çıxdı.

Habil müəllimin yubileyi ərəfəsində elə düşünürdük ki, əziz dostumuz haqqında yazmaq asan olacaq. Lakin əlimizə qələm alanda anladıq ki, yubilyarın keçdiyi həyat yolunu qısa bir yazıda, hətta tezis kimi də əks etdirmək asan deyil. Eyni zamanda, onun şəxsi keyfiyyətlərinin genişliyi, bütün bunların bir yazıda mümkün qədər əks etdirilməsi də asan bildiyimiz işi çətin etdi. Yazıya başlayanda anladıq ki, Habil müəllimin həyat və fəaliyyətini tam əhatə etmək üçün bir neçə cild kitab yazılmalıdır. Bir məqalədə onun haqqında çox cüzi məlumat vermək, az qism fikirləri bölüşmək mümkündür. Bunu nəzərə alaraq, yubilyar haqqında oxucuda fikir formalaşdıra biləcək bəzi məqamları qısa təsvir etməyi məqsədəuyğun hesab etdik.

***

Habil müəllim təkcə şad günlərdə deyil, həm də çətin anlarda, bəla evin astanasında dayananda, hələ dünən yüzlərlə sədaqət andı içənlər bir anda yoxa çıxanda yanımızda olan, bizimlə çiyin-çiyinə duran fədakar, alicənab və sədaqətli dostdur. Ata-babalarımız əbəs yerə deməyib ki, “Dost ağır gündə tanınır”.

Uzun dostluq illərində biz Habil müəllimi müxtəlif həyat şəraitində və taleyin sərt döngələrində tanıdıq. Odur ki, ötüb-keçmiş həmin illərdən sonra biz qürurla deyə bilərik: “Bu dünyada yarım əsrdən çox yaşadığımıza baxmayaraq belə fədakar, sadiq, təmənnasız, diqqətli və həssas insana nadir hallarda rast gəlinir”.

Həyat göstərir ki, hər bir insanın çoxlu tanışları, dostları, həmkarları ola bilər. Lakin onlardan ancaq bir neçəsi həqiqi dost olur. Bu mənada biz Habilin adını qürurla çəkə bilərik. Onun dostluğu bizə bizim birlikdə ona verdiyimizdən qat-qat artıq töhfələr bəxş etmişdir.

Görünür, sən Habil Qurbanov olmalısan ki, öz dostlarının hərəkətlərində gələcəkdə onların yüksəlişinə mənfi təsir göstərə biləcək nəticələrini qabaqcadan görməyə imkan verən müdriklik dərəcəsinə malik olasan. Bütün bu uzun illər ərzində Habil müəllim dostları üçün qoruyucu mələk  olub və elə bu gün də belə qalır.

Şübhəsizdir ki, yubilyarın şəxsiyyətinin genetik əsası və daxili kodu olan bütün bu nəcib insani keyfiyyətlər onun həm elmi fəaliyyətinə, həm də karyerasına müsbət təsir göstərmişdir.

***

1990-cı ildə Azərbaycan SSR-nın Prokuroru, mərhum İlyas Abbas oğlu İsmayılov Habil Qurbanovu prokurorluq orqanlarına işə dəvət etdi. Onun prokurorluq orqanlarında apardığı kadr siyasətində namizədin iki şəxsi keyfiyyətinə üstünlük verilirdi- mənəviyyat və peşəkarlığa. İlyas İsmayılov gənc istedadlı alim olan Habil Qurbanov haqqında çox müsbət məlumatlar eşitdikdən sonra onunla görüşür və SSRİ Daxili İşlər Nazirliyinə (yubilyar o illərdə İttifaq Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Bakı Xüsusi Orta Milis Məktəbinin rəis müavini vəzifəsində çalışırdı) H.S.Qurbanovun Azərbaycan SSR prokurorluğuna köçürülməsi ilə bağlı sorğu göndərir. O vaxta qədər Habil Qurbanov SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının adyunkturasında namizədlik dissertasiyası müdafiə etmiş, karyera pillələrinə uğurla yüksəlmiş, cinayət hüququnun və kriminologiyanın aktual problemlərinə dair mötəbər hüquqi nəşrlərdə mütəmadi olaraq dərc edilirdi.

Biz burada SSRİ Daxili İşlər Nazirliyi ilə Respublika Prokurorluğu arasındakı uzun sürən yazışmalardan danışmağı lazım bilmir, qısa olaraq qeyd edirik ki, sonda Habil Qurbanov Bakı şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edildi. Qısa müddət ərzində o öz peşəkarlığı, yüksək şəxsi keyfiyyətləri və ünsiyyət bacarığı ilə həmkarları arasında hörmət və rəğbət qazandı. Sonrakı illər ərzində Habil müəllim, praktiki işlə elmi yaradıcılığı uğurla uyğunlaşdıra bildi. Onun əsas nailiyyəti isə 1997-ci ildə Moskva şəhərində Rusiya Federasiyası Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda uğurla müdafiə etdiyi Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin Ümumi hissəsinin qurulmasının konseptual problemlərinə həsr olunmuş doktorluq dissertasiyası olmuşdur. Onun doktorluq dissertasiyasında yer alan bir çox nəticə və müddəalar 1999-cu ildə müstəqil Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsi qəbul edilərkən qanunverici tərəfindən nəzərə alınmışdır.

Habil Qurbanov prokurorluq orqanlarında işlədiyi illər ərzində karyera pillələrində kifayət qədər uğurla irəliləyib: bir il sonra o, böyük prokuror, üç il sonra Bakının Qaradağ rayonu prokurorunun müavini, daha sonra həmin rayonun prokuroru, 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun prokuroru, 1997-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cəzaların İcrasına Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

***

Habil müəllim 2001-ci ildə Respublika Prokurorluğunda aparılan islahatlarla bağlı vəzifəsindən istefa vermiş və o vaxtdan özünü bütünlüklə ictimai və elmi-pedaqoji fəaliyyətə həsr etmişdir: 2001-2003-cü illərdə Moskva Açıq Dövlət Universitetinin  Bakı filialında Cinayət hüququ və cinayət prosesi kafedrasının müdiri, 2003-2010-cu illərdə “Azərbaycan Universitetinin” Hüquq fakültəsinin dekanı, 2010-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, 2016-cı ildə AMEA İnsan Hüquqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin baş elmi işçisi, 2017-2024-cü illərdə AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifələrində çalışmışdır. Habil müəllim hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində Dissertasiya Şurasının, Azərbaycanda və xarici ölkələrdə (Rusiya, Serbiya və s.) nəşr olunan bir çox nüfuzlu hüquq jurnallarının redaksiya heyətinin üzvüdür. Bu jurnallarda onun cinayət hüququnun nəzəriyyə və təcrübəsinin müxtəlif aspektlərinə həsr olunmuş maraqlı elmi məqalələrinə tez-tez rast gəlinir.

Hüquq elmləri doktoru, professor Habil Qurbanovun elmi əsərləri sırasında ​​yer almış çoxsaylı məqalə və dərsliklərlə yanaşı, xarici ölkələrdə (ABŞ, Almaniya, Rusiya) nəşr olunmuş fundamental tədqiqat əsərlərini də qeyd etmək lazımdır. Bu baxımdan onun Moskvada böyük tirajla çap olunmuş və postsovet ölkələrinin kriminoloqları və cinayət hüququ sahəsində ixtisaslaşmış mütəxəssisləri arasında böyük əks-səda doğurmuş cinayət hüququnun ümumi hissəsinin strukturunun nəzəri problemlərinə həsr olunan monoqrafiyasını xüsusilə qeyd etməliyik. Habil müəllim üç yüzdən çox elmi əsərin, iyirmiyə yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir.

Habil müəllim zəngin peşəkar və elmi təcrübəsini gənclərlə fəal şəkildə bölüşür. Onun elmi rəhbərliyi altında Azərbaycanda və xaricdə onlarla doktorluq və namizədlik dissertasiyası müdafiə edilib. O, tez-tez elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları üzrə birinci rəsmi opponent kimi çıxış edir. O, Avropa Humanitar Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Cəmiyyətinin və Rusiya Professorlar Cəmiyyətinin üzvüdür.

Habil Qurbanov fəal elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Fəxri fərman”ı,  AMEA-nın “Fəxri diplom”u,  Pedoqoji Universittetin 100 illik yubiley medalı ilə təltif edilib. O, 1988-1994- cü illərdə Birinci Qarabağ müharibəsi gedişatında fəal iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır. Həmçinin “Qarabağ Futbol veteranları” klubunun təsisçisi və prezidentidir.

Yuxarıda qeyd olunanlar Habil müəllimin mənalı və şərəfli həyat yolunun, fəaliyyətinin kiçik bir hissəsini təşkil edir. Habil müəllim indi də əzmkar, məhsuldar fəaliyyəti ilə biz dostlarını sevindirir və  qürurlandırır.

Biz dostlara isə qalır ürək sözümüzü əziz Habil müəllimə çatdırmağımız: 70 illik yubileyin mübarək, əziz Dost!

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri

Hüquqşünasları Assosiasiyasının prezidenti,                   

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası

Rusiya Elmlər Akademiyasının akademiki,

hüquq elmləri doktoru, professor: İlham Rəhimov                                                                          

 

Serbiya Respublikası Kriminoloqlar

Assosiasiyasının prezidenti,
hüquq elmləri doktoru, professor: Sreto Noqo

Hüquq elmləri doktoru, professor: Mahir Əhmədov

Rusiya Federasiyası Ədalət Universitetinin

elmi İşlər üzrə prorektoru,

hüquq elmləri doktoru, professor: Andrey Aryamov                                       

 

Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru,

hüquq elmləri doktoru, professor: Xanlar Ələkbərov