Yaşasaydı 23 yaşı olacaqdı... - Şəhidimizin doğum günüdür

 15:14 14.03.2025     107

Bu gün Vətən Müharibəsi şəhidi Ağababa Abasovun doğum günüdür.

Redaktor.az xəbər verir ki, şəhidimiz 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açıb. 

Orta məktəbi Şabran rayon Uzunboyad kənd məktəbində alıb. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirib.

Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmış, hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidəki N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdı.

Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak edib.

Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib (modern.az).

2222