"TransXəzər sualtı fiber optik xətt layihəsi əslində Azərbaycanın təşəbbüsüdür"

 12:42 19.03.2025     140

"Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha aktivdir və daha çox faydalanmaq istəyir. 2019-cu ildə AzerTelecom şirkəti bu təşəbbüsü irəli sürərək, Rəqəmsal İpək Yolunun tərkib hissəsi olan, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək TransXəzər rabitə xəttinin çəkilməsinə start verib".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, hökumətlərarası müqavilələr imzalanıb, sualtı xətti çəkəcək podratçılar müəyyənləşib və layihənin texniki hazırlıqları başa çatıb:

"Yəni daha çox əziyyət və daha çox işlər Azərbaycan tərəfdən reallaşırdı. Qazaxıstan tərəfdə baş verənlər isə layihənin bir müddət ləngiməsinə də səbəb olmuşdu.

Lakin, bu gün görünən odur ki, Qazaxıstan bu layihədən daha çox bəhrələnmək üçün daha fəal addımlar atır.

Məhz TransXəzər xəttinin potensialını nəzərə alaraq, Qazaxıstan nəhəng bir Data Mərkəzin inşası üçün böyük bir layihəyə start verib.

Sinqapurdan olan GK Hyperscale Ltd şirkəti ilə təxminən 1.4 milyard dollar investisiya razılaşması imzalanıb. Qazaxıstan bu Mərkəz hazır olanda Microsoft, Google, Amazon kimi qlobal texnoloji nəhəngləri, süni intellekt sahəsində çalışan qlobal şirkətləri ölkəsinə cəlb etməyi planlaşdırır.

Bu nəhəng rəqəm, 1.4 milyard dollar regionda rəqəmsal sektorda oxşarı olmayan bir investisiyadır".

O.Gündüz qeyd edib ki, belə böyükmiqyaslı layihə regionda nadir haldır və Qazaxıstanı regionun rəqəmsal mərkəzinə çevirməyi hədəfləyir.

"Layihənin birinci mərhələsi 2027-ci ildə, 2030-cu ildə isə tam istifadəyə veriləcək.

Azərbaycan isə öz təşəbbüsü olan bu layihədə daha fəal ola bilərdi. TransXəzər xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaalrın inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi bölgədəki rəqabət qabiliyyətini artırmaq üçün çox vacibdir", - deyə o bildirib.

Turan İSMAYIL