Leyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışında - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.
Redaktor.az xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək onları binada yaradılmış şəraitlə tanış edib.
Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılıb və müxtəlif növ ağaclar əkilib, uşaqlar üçün istirahət guşəsi yaradılıb.
Qeyd edilməlidir ki, burada Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrdən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.
Açılış tədbirində Leyla və Arzu Əliyevalar AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olub.