"Paytaxt elə əraziyə köçürülməlidir ki, nə Ermənistanla, nə də İranla sərhədə yaxın olsun"

 16:47 01.04.2025     231

"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir. Əvvəla paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir.

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.  Onun sözlərinə görə, Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil:

"Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır.

Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə bu mövzunu gündəmə.gətirmək məqsədəuyğun deyil. Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır".

Vasif