"Hər bir uşağın ilk olaraq təhsilini düşünmüşük, amma problem hələ də həllini tapmayıb"

 10:05 10.04.2025     270

"Artıq 4 ildir ki, eyni məsələ ilə bağlı müraciət etməyə məcbur qalırıq. Təəssüf ki, bu illər ərzində uşaqlarımızın nəqliyyat problemi hələ də öz həllini tapmayıb. Bu mövzu bizi həqiqətən çox yordu. Sığınacağa gələn hər bir uşağın ilk olaraq təhsilini düşünmüşük, çünki bizim üçün onlara ediləcək ən böyük sərmayə məhz təhsildir".

Redaktor.az xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

O, deyib ki, hazırda nəqliyyat xərclərini sadəcə 2 xeyirsevər qarşılayır:

"Amma gələcək il bizim üçün tamamilə müəmmalıdır. Bu səbəbdən son bir ümid olaraq "1 manatlıq aksiya"ya başlamaq qərarına gəldik. Bəlkə də bu yolla müəyyən qədər vəsait toplayıb, köhnə də olsa bir avtobus ala bilərik. Uşaqları məktəbə, kurslara, rayona – istirahətə və yeni üfüqlərə aparmaq bizim üçün böyük bir arzudur.

Bu kampaniyanı sizlərə müraciət etmədən öncə dəfələrlə bu çətinliklə bağlı müxtəlif qurumlara yazmışıq, amma təəssüf ki, heç bir müsbət cavab ala bilməmişik.

Güc birlikdədir deyərək bu kampaniyaya start veririk. Əgər məbləğ toplanarsa, hər ödənişi rəy bölməsində şəffaf şəkildə paylaşacağıq. Eyni zamanda, nəqliyyatın alınması və seçim prosesi də sizinlə birgə həyata keçiriləcək.

Dəstək olmaq istəyənlər üçün hesab nömrəmiz:

Kapital Bank – 4169 7388 3193 2078

Hər kəsin dəstəyi – istər 1 manat, istər 10 – bu yolda böyük önəm daşıyır. Uşaqların gələcəyinə birgə ümid olaq.

Təşəkkür edirik!".

Vasif ƏLİHÜSEYN