"Həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atılmalıdır" - Fazil Mustafa

 11:38 11.04.2025     222

“Hökumətin hesabatında sənədsiz evlər barədə problemi qaldırmışdıq. Əli Əsədova təşəkkür edirəm ki, bizə bununla bağlı görüləcək işlərlə bağlı sənəd göndərdi”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədri Fazil Mustafa deyib.

Millət vəkili xatırladıb ki, bu günlərdə tikinti şirkəti tərəfindən mülkiyyətçinin evinin qanunsuz sökülməsi baş verdi.

“Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir. Bu gün sahibkarlar 70 insanla razılaşır, 1-2-si ilə razılaşa bilmir. Bu zaman vaxt uzanır, sahibkar tikintiyə başlaya bilmir. Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca, qəzalı binalar problemi qalmağa davam edəcək”, - deyə Fazil Mustafa bildirib.