Eskişehirdə azərbaycanlıların soyqırımı gündəm oldu

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Anadolu Universiteti və Eskişehir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərində yerləşən Anadolu Universitetində “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.
Redaktor.az xəbər verir ki, Türkiyə və Azərbaycan Dövlət Himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Ardınca tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır çıxış edərək iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə Anadolu Universitetinin prorektoru Yusuf Şimşek, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və “Eskişehir Azərbaycan Dərnəyi”nin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin davamında panel müzakirələrə start verilib. Paneldə Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Prof. Dr. Gökhan Güneysu və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.
Panel-konfrans yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb. Tədbir təqdimatlardan sonra mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2025-ci ilin 9 aprel tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində təşkil olunmuş analoji tədbirin davamı kimi baş tutub. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində keçirilən bu konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.