“Çirkab sular Ceyranbatan gölünün mühafizə zonasına çatmır” - RƏSMİ

“Güzdək qəsəbəsinin yaşayış məntəqələrindən axan çirkab sular yaxınlıqda yerləşən gölməçəyə daxil olur və bəzən yağış yağarkən gölməçənin səviyyəsi qalxır, həmin sular ətraf ərazilərə yayılır”.
Redaktor.az xəbər verir ki, bunu “Qafqazinfo”nun Ceyranbatan su anbarının mümkün tullantı sularla çirkləndirilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin şöbə müdiri Rafiq Verdiyev deyib.
“Ceyranbatan su anbarının mühafizə zonasından xeyli yuxarıda quraşdırılmış nasos vasitəsilə həmin sular kənarlaşdırılaraq kanalizasiya sisteminə axıdılır. Lakin bəzi hallarda suların miqdarı çox olduqda nasosdan da aşağı hərəkət edərək gölün mühafizə zonasından yuxarıda yerləşən hasarın ətrafına toplaşır. Bəzi hallarda isə hasardan aşağı axır. Amma Ceyranbatan gölünün mühafizə zonasına çatmır. Nasoslar vasitəsilə toplanılır və kanalizasiyaya axıdılır ki, bu da gölün ekoloji vəziyyətinə heç bir təsir etmir. Bu problemi həll etmək üçün hal-hazırda lazımi səviyyədə fəaliyyət həyata keçirilir.
Prezident İlham Əliyevin 10 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən, Müşviqabad qəsəbəsinin və bütün ərazinin kanalizasiya sularının sisteminin yenidən qurulması və təmizləyici qurğunun quraşdırılması üzrə işlər aparılır. Beləliklə, həm Müşviqabad, həm Güzdək, eyni zamanda Xırdalanın müəyyən ərazilərinin yaşayış məntəqələrinin tullantı sularını toplayaraq kanalizasiya sistemi vasitəsilə təmizləyici qurğuya nəql edilməsi və orada lazımi keyfiyyət standartlarına uyğun təmizlənməsi, sonra isə Sumqayıt çayına axıdılması nəzərdə tutulub”, - deyə qurum rəsmisi qeyd edib.
Xatırladaq ki, Ceyranbatan su anbarı paytaxtı və ətraf əraziləri içəmli su ilə təmin edən əsas resurslardan biridir.