Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçildi - FOTO

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti və idarə heyətinin sədri, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) 1-ci vitse-prezidenti seçilib. 11-12 aprel 2025-ci il tarixdə Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclası keçirilib.
Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata görə iclasda 2024-ci ilin yekunları, büdcə və gələn ilin iş planı, 2025,2026,2027-ci ildə təşkil olunacaq yarışlar, idarə heyəti, auditorlar və namizədlər komissiyası üçün seçki, "ETWF General Assambly" iclasına 2026-cı ildə ev sahibliyi edəcək ölkənin səsvermə yolu ilə seçilməsi və yeni namizəd ölkənin üzvlüyə qəbulu və bir sıra məsələlər öz əksini tapıb.
İclasdan öncə Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Brauninger tədbir iştirakçılarını salamlayıb və təşkilatçılığa görə Serbiya Kəndirlə Mübarizə Federasiyasının rəhbərliyinə təşəkkür edib. Sonra qrumun baş katibi Anders Anderson 2024-ci ilin yekun hesabatını və 2025-ci ilin fəaliyyət planını iştirakçılara təqdim edib.
İclasda Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev 30-31 May 2025-ci tarixdə Bakı şəhərində təşkil olunacaq "TURAN CUP, OPEN" turniri, Azərbaycan mədəniyyəti, idmanı və ölkəmizdə kəndirlə mübarizə idmanının mövcud vəziyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Sonra idarə heyətinin və üzvlərin qərarı ilə Bosniya Herseqovina Kəndirlə Mübarizə Assosiasiyası Avropa Kəndirlə Mübarizə Federasiyasına üzv qəbul olunub.
Həmçinin iclasda Avropa Kəndirlə Mübarizə Federasiyasının idarə heyətinə seçkilərdə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyevin namizədliyi irəli sürülüb.
Səs vermə zamanı üzvlərin səs çoxluğu ilə Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçilib.
Elnur Şıxəliyev qrumun idarə heyətinə və üzvlərə göstərdikləri etimada görə təşəkkür edib və kəndirlə mübarizə idmanının Avropa və Dünyada inkişafına hər zaman dəstək olacağını vurğulayıb.
Həmçinin səsvermənin nəticəsinə əsasən 2026-cı ildə Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Bakı şəhərində keçirilməsi təsdiqlənib.
İclasda Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin mətbuat katibi Ağa Ağayevdə təmsil olunub.




