STM ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO

 16:06 15.04.2025     152

Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Redaktor.az xəbər verir ki, imzalanma mərasimindən əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən görüşdə qurumun rəhbəri Sahib Məmmədov fəaliyyətlərinə dair geniş məlumat verib. O, əmək hüquqları sahəsində ictimai rəyin öyrənilməsinə dair xüsusi fəaliyyətin həyata keçirilməsinə diqqət yetirməklə işçilərin hüquqları, əmək bazarı, əmək münasibətləri sahəsində baş verən tendensiyaların izlənilməsinə ehtiyac duyulduğunu bildirib.

Qısa müddət ərzində görülən işləri videoçarxlarla təqdim edən qurum sədri qeyd edib ki, digər əməkdaşlıqlar, könüllülük proqramları, layihələr və rəqəmsal idarəetmə sahəsində mühüm işlər görərək yeni strategiya hazırlayıblar: yeni kadrlar işə götürülüb, əməkdaşların təlimə cəlb edilməsi həyata keçirilib, qurum çərçivəsində fəaliyyət göstərən təlim-təhsil strukturlarının peşəkar səviyyələrinin artırılması üçün işlər görülüb və geniş miqyasda quruma dair xidmət mərkəzlərinin yenidən qurulması reallaşdırılıb.

AHİK çərçivəsində səfirlər, elektron sanatoriya kimi mühüm işlər həyata keçirilib. Eyni zamanda bu sahədə qanunvericiliyə dəyişikliklərin həyata keçirilməsi üçün yeni təkliflər paketi hazırlanıb.

Mədəni-kütləvi tədbirlərin əhatəsi elm, təhsil, mədəniyyət və səhiyyə kimi sahələri əhatə etməklə “Həmkardan-həmkara” layihəsi sayəsində ucqar rayonlarda sosial fəaliyyət kimi tibbi xidmətlər reallaşdırılıb. Konfederasiya rəhbəri onu da bildirib ki, ölkə rəhbərliyinin sosial siyasətinin vətəndaşların məmnuniyyətinə birbaşa təsir göstərməsi üçün qurum mühüm addımlar atır.

Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədri Zahid Oruc bildirib ki, qısa müddətdə görülən işlərə görə həmkarların yer aldığı cəbhəyə xüsusi təşəkkür düşür, onlar da artıq qalib dövlətin qalib qurumu kimi özlərini ifadə etməyə başlayıblar ki, cərgələrində yüzlərlə, minlərlə vətən müharibəsi qalibini birləşdirirlər.

O, geniş fəaliyyət profili sərgiləyən Konfederasiya rəhbərliyinin peşəkar işinə xüsusi diqqət çəkərək, ölkə rəhbərliyini uğurlu təyinatı üçün təbrik edib. STM rəhbəri qurumun gördüyü işləri, çap edilmiş jurnalları təqdim edərək açıqlayıb ki, dövlət qurumları ilə vətəndaşlar arasında körpünün qurulmasında hər iki təşkilat mühüm funksiya daşıyır.

Z. Oruc deyib ki, həmkarlara aid qurumlar vətəndaşların hüquqlarının qorunmasında mühüm rol oynayır və STM bu münasibətlər zəncirini ictimai rəy sorğuları ilə tədqiq edərək, birbaşa ölkə rəhbərliyinə təqdim edir. Bu da qərarların alınmasında vacib alətlərdən biri kimi çıxış edir, çünki Prezident İlham Əliyev bir neçə dəfə STM-in sorğularına öz çıxışında istinad edib.

Mərkəz sədri ailə, kiber terror, bələdiyyələr, miqrasiya, təhsil, iqtisadiyyat, icra hakimiyyətləri, pandemiya, qələbə ilə bağlı, qayıdış və digər mühüm sahələrdə keçirilən sorğular barədə ətraflı məlumat verib.

Yekunda iki qurum arasında əməkdaşlıq memorandumu imzalandı. Daha sonra "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əmək Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanışlıq tədbiri keçirilib.

222