Onu sonuncu dəfə 1993-cü ildə görmüşdüm - Şəhid qardaşı

 13:00 18.04.2025     179

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid Mübariz Hüseynovun qardaşı Kamandar Hüseynov qardaşını sonuncu dəfə 32 il əvvəl gördüyünü deyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Report"a açıqlamasında deyib.

K.Hüseynovun sözlərinə görə, bu müddət ərzində qardaşından heç bir xəbər ala bilməyiblər:

“Mən dövlətimizə və Prezidentimizə təşəkkür edirəm ki, nəhayət gözümüz yollardan yığıldı. Mübarizi sonuncu dəfə 1993-cü ilin sentyabr ayında görmüşdüm.

Qardaşım şəhid olduqdan İmişlidə naməlum əsgər kimi dəfn edilibmiş. DNT analizlərinin nəticələri də təsdiqlədi ki, həmin nəşin qalıqları qardaşıma məxsusdur.

Bizə bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verdilər.

Qardaşım Beyləqan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Ən son görənlər Mübarizin əsgər yoldaşları ilə mühasirəyə düşərək şəhid olduğunu demişdilər”.