"Azərbaycan–Gürcüstan münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilib"

 12:56 21.04.2025     180

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla siyasi əlaqələrin inkişafını, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıdığını, dialoqun fəallaşdığını nəzərə çatdırdı. Çıxışında “İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir” – deyə vurğulayan dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya qovşaqlarının böyük əhəmiyyət daşıyan layihələr olduğunu və bunları nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr kimi səciyyələndirdi.

“Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil” – fikrini xüsusi olaraq qeyd edən Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla, Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan üzərindən həyata keçirildiyini bildirdi. Prezidentlərin mətbuata bəyanatlarında Cənubi Qafqazdakı mövcud durum barədə fikir bildirmələri gözlənilən idi. Bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olan məsələ kimi vurğulayan İlham Əliyev buna həm Gürcüstan, həm də Azərbaycanın öz töhfəsini verdiklərini diqqətə çatdırdı. Azərbaycanın Gürcüstan vasitəsilə Qara dənizə çıxış imkanlarının daha da genişlənməsi gündəmdə duran məsələdir.

Bu isə logistik zəncirin daha da möhkəmləndirilməsi, eləcə də alternativ marşrutların gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsası hələ 1990-cı illərdə, müstəqilliyin ilk illərində qoyulub. Bu münasibətlər tədricən siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığa çevrilib. Bu gün hər iki ölkənin maraqları təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də regional və qlobal layihələrdə birgə iştirakla daha da dərinləşir. Bakı–Tbilisi– Ceyhan, Bakı–Tbilisi–Ərzurum, eləcə də Bakı–Tbilisi–Qars kimi nəqliyyat və enerji layihələri bu baxımdan strateji mahiyyət daşıyır. İkitərəfli münasibətlərdə insani təmaslar, mədəni əlaqələr də az rol oynamır. Hər iki ölkədə bir-birinin diasporları mövcuddur və onlar mehriban qonşuluq, dostluq münasibətlərinin cəmiyyətə sirayət etməsində ciddi fəaliyyət göstərirlər. Xüsusilə təhsil, turizm və media sahələrində əməkdaşlıq qarşıdakı illər üçün geniş perspektivlərdən xəbər verir. Bunu əminliklə deyə bilərik ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq klassik qonşuluq siyasəti çərçivəsindən çıxaraq, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib. Bu model isə yalnız iki ölkənin deyil, bütün bölgənin rifahına və sabitliyinə töhfələr verir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini