Cəsarət və vətənə sadiqliyi tələb edən mövqe!

 11:16 23.04.2025     213

Müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin tariximizin hər bir səhifəsində özünəməxsus əhəmiyyətli addımları olmuşdur. Ölkəmiz hələ SSRİ-nin tərkibində olarkən müstəqil Azərbaycan planlarını quran uzaqgörən siyasətçinin bütün fəaliyyəti Azərbaycançılıq, millətçilik üzərində qurulmuşdur. SSRİ-də rəhbər vəzifədə çalışdığı zaman hər fürsətdə Azərbaycan üçün böyük işlər görmüş, aldığı qərarların gələcəkdə qurulacaq Azərbaycan üçün nə qədər faydalı olacağını zərgər dəqiqliyi ilə hesablamışdır. Məhz, belə qərarlardan biri də doğma ana dilimiz-Azərbaycan dilinin rəsmi dövlət dili kimi tanınması ilə bağlı olmuşdur. SSRİ-nin tərkibində olan zaman ziyalılarımız, tarixçi-dilçi alimlərimiz tərəfindən dəfələrlə dilimizin dövlət dili kimi tanınmasına cəhd edilsə də buna nail olunmamışdır.

Məlum olduğu kimi hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

 Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət aparan Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Məlum olduğu kimi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir.  Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil "Dəmir yumruq” dilidİr, bu dil "Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil qalib və lider dövlətin dilidir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini