Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar VERDİ

 16:05 24.04.2025     199

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətlədirilməyə göndərilməsi barədə qərar verib.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.