Mətbuat Şurasının İdarə Heyətinin iclası KEÇİRİLDİ

 16:58 29.04.2025     128

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Redaktor.az xəbər verir ki, iclasda əvvəlcə milli mətbuatımızın 150 illiyinə dair planlaşdırılan fəaliyyətlə bağlı müzakirələr aparıldı. İH üzvləri Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamını yüksək qiymətləndirdilər, mühüm sənədə görə dövlət başçısına təşəkkürlərini çatdırdılar. Onlar Sərəncamın mətbuatımızın keçdiyi yola müstəsna dəyərin növbəti bariz nümunəsi olduğunu, özlüyündə ənənə mahiyyəti daşıdığını vurğuladılar, sənədə əsasən Mətbuat Şurasının üzərinə də mühüm missiyanın düşdüyünü bildirərək, qurumun bununla bağlı fəaliyyətə hazır olduğunu bildirdilər.

Sonra Mətbuat Şurasının sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənildi. R.Məcid bildirdi ki, bu ilin yanvarında MŞ Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birgə “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini icra etdi. Şura  yanvarın 29-da keçirilmiş Bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” təşkil etdi. Məqsəd jurnalistlərin prosesi sərbəst işıqlandırmalarına dəstək olmaq idi.

Qurum ötən müddətdə mediada məhkəmə proseslərinin işıqlandırılması hallarına dair açıqlama yaydı. Sənəddə medianın məhkəmə proseslərindən reportaj və məlumatlarında xarakterik hallar, o cümlədən, neqativ cəhətlər diqqətə çatdırıldı.

Həmçinin, Mətbuat Şurası “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzi və Xəzər Media Mərkəzi ilə birgə Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı elan etdiyi müsabiqənin qaliblərinin adlarını açıqlandı.

Şuranın təşəbbüsü ilə tanınmış jurnalistlərin yubileylərinə həsr olunmuş 9 toplantı təşkil olundu.  Fevralın 25-də Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında oldular, onlarla geniş fikir mübadiləsi aparıldı.

Məlum olduğu kimi, fevralın 19-dan 24-nədək  Ər-Riyadda Səudiyyə 4-cü Beynəlxalq Media Forumu keçirildi. “İnkişaf edən dünyada media” devizi ilə keçirilən Forum çərçivəsində 80-dən çox panel müzakirə və seminarlar təşkil edildi. Tədbirdə MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli iştirak etdi.

Martın 31-də Şura bəyanat yayaraq, Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirdi. Bəyanat xarici media orqanlarına da göndərildi.

Hesabat müddətində Qlobal Bakı Forumunda iştirak üçün ölkəmizə gəlmiş tanınmış italiyalı jurnalist Carlo Marino Azərbaycan Mətbuat Şurasında oldu. Bundan başqa, MŞ-nin Etika Komissiyası məlumat yayaraq, son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsini, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması hallarını pislədi. 

R.Məcid onu da bildirdi ki, aprelin 2-də Mətbuat Şurasının Veysəloğlu Şirkətlər Qrupu və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə media subyektlərinin təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi elan etdi. Ötən müddətdə MŞ İdarə Heyətinin üzvləri dünyanın müxtəlif bölgələrində düzənlənmiş ümumilikdə 20-dək tədbirə qatıldılar.

İclasda MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədovanın məlumatı dinlənildi. S.Məmmədova Şuraya müxtəlif media orqanlarının fəaliyyətinə dair həm şifahi, həm də yazılı narazılıqların daxil olduğunu diqqətə çatdırdı. O, 5 yazılı şikayətin rəhbərlik etdiyi komissiyada nəzərdən keçirildiyini diqqətə çatdırdı və bildirdi ki, onlardan yalnız biri barədə qərar çıxarılması rəyinə gəlinib.

S.Məmmədova fəaliyyəti narazılıq doğurmuş media subyektlərinin tənqid hədəflərinin fikirlərinin öyrənilməsinə biganə yanaşdıqlarını xarakterik mənfi hal kimi səciyyələndirib, habelə bir sıra şikayət müəlliflərinin mediadan narazılığının əsassız olduğunu deyib. Komissiya sədri Şuraya müraciətlərin düzgün əsaslandırılmaması, şikayət müəlliflərinin medianın ictimai missiyasını nəzərə almamaları kimi xarakterik cəhətlərin mövcudluğunu da vurğulayıb.

İclasda müzakirəsi aparılmış növbəti məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. R.Məcid məlumat verib ki, Şiraya üzv olmaq niyyətini bildirən çoxsaylı media orqanları var və onların seçimində digər prinsiplərlə yanaşı, Media Reyestrində qeydiyyata alınma da başlıca şərt kimi götürülür. Müzakirələrdən sonra “Bakivaxtı.az”, “Valyuta.az”, “Fanat.az”, “Dogru.az” saytları və “Füyuzat” dərgisi Mətbuat Şurasının üzvlüyünə qəbul ediliblər. Bildirilib ki, İdarə Heyətinin növbəti iclaslarında namizəd media qurumlarının da üzvlük müraciətlərinə baxılacaq.

İclasda sədr R.Məcid MŞ İdarə Heyətinin üzvü Ceyhun Musaoğluna 50 illik yubileyi ilə bağlı Şuranın diplomunu təqdim etdi. Toplantı iştirakçıları yubilyara xoş sözlərini və təbriklərini çatdırdılar. C.Musaoğlu göstərilən diqqətə görə təşəkkürünü bildirdi.