Xəbər aparıcısı ilk növbədə yaradıcılıq laboratoriyasından keçməlidir - Qulu Məhərrəmli

 17:54 29.04.2025     91

Bir neçə il əvvəl Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində aparılmış bir eksperiment zamanı maraqlı nəticələr ortaya çıxmışdı. Tamaşaçılara “Televiziya aparıcısında nəyi görmək istəyirsiniz?” sualı ünvanlanmışdı. Təxminən 100-ə yaxın keyfiyyət sadalanmışdı. Bunların sırasında ilk yerləri aparıcıya olan inamı, onun ədalətli və dürüst olması tuturdu. Yalnız bundan sonra isə zahiri görünüş ön plana çıxırdı. Bu da göstərir ki, tamaşaçı üçün aparıcının xarakteri və dəyər sistemi daha önəmlidir. Müsahibimiz isə uzun illərdir televiziyada çalışaraq bu keyfiyyətləri özündə daşıyan, auditoriyanın inamını qazanmış Əməkdar jurnalist, ictimai xadim və professor Qulu Məhərrəmlidir.

Redaktor.az xəbər verir ki. ilk dəfə efirə çıxan zaman keçirdiyi hissləri AZƏRTAC-ın müxbiri ilə bölüşən görkəmli jurnalist deyib: “Həmin günü çox yaxşı xatırlayıram. Mənə efirə çıxmaq təklifi gələndə cəmi 3-4 saat vaxtım vardı. Düşündüm ki, hazır deyiləm və risk edib, bu təklifi qəbul etmədim. Amma səhəri gün artıq efirdə idim. Bir neçə ay gecə xəbərlərində çalışdıqdan sonra özümü daha hazırlıqlı hesab etdim və əsas xəbər buraxılışlarına keçdim”.

Bu illər ərzində birbaşa efirdə onu ən çox təsirləndirən hadisələri xatırlayan Qulu müəllim bildirib ki, 20 Yanvarın ildönümündə efirdə olduğu gün heç vaxt yadından çıxmaz. “Təxminən 7-8 saat canlı yayımda oldum. Prezident Şəhidlər xiyabanını ziyarət etdi və bu translyasiya davam etdi. Mən avtobusun kabinasında oturub xəbərləri təqdim edirdim. İlk saatlarda şövqlə danışırdım, yorulsam da dayanmadan davam etdim. Bu həm fiziki, həm də emosional baxımdan ağır bir gün idi”,-deyə o əlavə edib.

Professional jurnalistlər də efir zamanı gözləmədyi situasiyalarla qarşılaşa bilir. Qulu Məhərrəmli mövzu ilə bağlı başına gələnləri söyləyib: “Bir dəfə canlı yayım zamanı studiyada yolka alışdı. Mən isə efirdə idim və yerimdən tərpənə bilmədim. Həmin an çox “çarəsiz” qaldım. Bu işdə təmkinli olmaq, nə qədər çətin olsa da, soyuqqanlı davranmaq vacibdir”.

- Sizcə yaxşı xəbər aparıcısı olmaq üçün jurnalistdə hansı keyfiyyətlər olmalıdır?

- Xəbər aparıcısı ilk növbədə, yaradıcılıq laboratoriyasından keçməlidir. Dil, leksikon, səs, diksiya, məntiqi vurğular, bütün bunlar çox vacibdir. Aparıcı xəbəri inam və güvənlə təqdim etməlidir. Bu bir sənətdir. Həmçinin müxbirlik dövrü çox əhəmiyyətlidir. Çünki efirdə baş verəcək gözlənilməz situasiyalara yalnız təcrübə ilə hazır olmaq mümkündür. Bizdə son illərdə azyaşlı simalar tez-tez xəbər aparıcısı kimi çıxış edir. Halbuki Qərb təcrübəsində bu belə deyil. Orada adətən 30 yaşdan sonra, cəmiyyətin inamını qazanmış şəxslər aparıcılığa gətirilir. Aparıcılıq üçün təcrübə, ictimai etimad və müəyyən yol keçmək şərtdir.

- Jurnalistlər bəzən qərəzsizlik prinsipinə əməl etmirlər...

- Qərəzsizlik medianın qızıl qaydalarındandır. Xüsusən konfliktli vəziyyətlərdə hər iki tərəfin mövqeyini təqdim etmək çox vacibdir. Əgər bir tərəf saxlanılırsa, bu artıq manipulyasiyadır. Təəssüf ki, bu gün bir çox jurnalist həm təbliğat, həm də manipulyasiya ilə məşğuldur. Bu isə medianın etibarını zədələyir.

- Bugünkü medianın ümumi mənzərəsini necə qiymətləndirirsiniz?

-Texnoloji baxımdan ciddi irəliləyiş var: İnteraktivlik artıb, internet media genişlənib. Amma, eyni zamanda, kopipəst halları, qeyri-peşəkar şəxslərin efirdə görünməsi, jurnalistlərin piar sahəsinə keçməsi kimi problemlər də var. 90-cı illərdə jurnalistikada bir romantika vardı. Bu günün çağırışları isə tamam başqadır.

- Televiziya, qəzet, internet...

- Hər biri öz funksiyasını qoruyur. Belə bir deyim var ki, yeni vasitə gələndə hamı elə bilir ki, əvvəlkini sıradan çıxaracaq. Amma bu heç də hər zaman olmur. Kino teatrdan, televiziya kinodan, internet isə televiziyadan üstün olmur. Sadəcə birləşirlər. Qəzetlər ölməyəcək. Onlar analitik mənbə olaraq qalacaq. Əsas məsələ balansı qorumaqdır.

- Sosial medianın cəmiyyətə təsiri barədə nə düşünürsünüz?

- Sosial media artıq informasiya mənbəyinə çevrilib. Amma burada da problemlər var. “Vətəndaş jurnalistikası” ifadəsini qəbul etmirəm, “vətəndaş mediası” daha doğrudur. Sosial şəbəkələrdə beyinlərin zəhərlənməsi, dəyərlərin aşağılamaq cəhdləri çoxalır. Bu boşluqda peşəkar medianın rolu daha da artır.

-Bu sahədə çalışan və çalışmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Hər zaman səbirli olsunlar. Hər şey vaxtında və təcrübə ilə formalaşır. Fikrimcə, gərək bu sahənin missiyasını dərk edəsən. Televiziya bir vitrindir, orada olmaq böyük məsuliyyətdir. Özünüzü daim inkişaf etdirin, dərinləşin, həm cəmiyyətin, həm də öz vicdanınızın qarşısında dürüst olun.

-Son olaraq, “Mən yenidən gənc olsaydım”...

- Mən yenə də jurnalistikanı seçərdim.