Toyu zəhərə dönənlər...

 09:16 30.04.2025     167

Son aylar müxtəlif iaşə obyektlərində, şadlıq saraylarında kütləvi zəhərlənmələr, saxta içkilərin verilməsi xəbərləri ilə tez-tez rastlaşırıq. Maraqlıdır ki, 2-3 gün gündəm yaradan bu məlumatlar sonradan sanki adiləşir və hətta həmin restoranlar qapılarını yenidən başqa “qurban”lara açırlar. Biz isə səs-küy, toy-büsat içində nə yeyib-içdiyimizdən, daha doğrusu, nə ilə zəhərləndiyimizdən gec xəbər tuturuq. 

Redaktor.az xəbər verir ki, elə oxşar hadisələrdən biri də aprelin 18-də paytaxtın Xətai rayonunda yerləşən “Venesiya” şadlıq sarayında baş verdi. Orada keçirilən məclisdə müğənnilər də daxil olmaqla, 50-dən çox şəxs zəhərlənərək tibbi yardım aldı. 

Həmin hadisədən çox yox, 1 gün sonra şadlıq sarayında yenidən kütləvi tədbirin keçirilməsi barədə görüntülər yayıldı. Məlum oldu ki, onlarla insanın zəhərləndiyi məkanın fəaliyyəti məhdudlaşdırılmayıb. Bundan bir neçə gün sonra isə ETSN “Venesiya” şadlıq sarayı da daxil olmaqla, bir sıra obyektlərin atmosferə normadan artıq tüstü buraxmasına və onların 2500 manat cərimələnməsinə dair məlumat yaydı.

Şadlıq sarayının kütləvi zəhərlənməyə baxmayaraq fəaliyyətini həmişəki qaydada davam etdirməsi və buna şərait yaradılması qida təhlükəsizliyi ilə bağlı məsələnin aktuallığını göstərir.

Daha əvvəl paytaxtda fəaliyyət göstərən “Şahənşah”, “Monte Karlo” kimi bahalı şadlıq saraylarında, eləcə də rayonlardakı bu kimi çoxsaylı iaşə obyektlərində baş vermiş kütləvi zəhərlənmələrdən sonra onların fəaliyyətlərini adi qaydada davam etdirməsi, aparılmış araşdırmaların nəticələrinin açıqlanmaması və hansı tədbirlərin görülməsi barədə məlumatların verilməməsi narahatlıq doğurur.

Məsələ ondadır ki, restoran və şadlıq saraylarında baş verən kütləvi zəhərlənmələrdə ən böyük travmanı bəlkə də həmin məclisi təşkil edən şəxslər (toy sahibləri, ailə quranlar, nişanlanlar, yubileyi keçirilənlər və sair) alır. Toy sahibi məclisini yarımçıq kəsməli, qonaqlarının ardınca xəstəxanalara getməli, hüquq-mühafizə orqanlarına şikayət ərizələri yazmaqla məşğul olmalıdır. Aylarla, illərlə xoş gününü gözləyən vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən pis vəziyyətə düşürlər. Hətta həmin məclislərdə qəbul etdiyi qidadan həyatını itirənlər belə ola bilər. Qısası, toy yasa çevrilər... 

Bəzən isə zəhərlənmə faktı olmur. Amma masabaşına 100-200 manat ödəniş edilən bahalı şadlıq evlərində belə qarşımıza saxta spirtli içkilər qoyula bilir. Şanslı olsaq, bunu müəyyən edirik. Əks halda xəstəxanalıq oluruq. 

Bir neçə həftə əvvəl “Mona Liza”da müştərilərə verilən “Onegin” arağının saxta olması barədə rəsmi məlumat buna əyani sübutdur. Halbuki bu arağın bir şüşəsinin qiyməti pərakəndə bazarda 100 manat civarındadır.

Bu qədər hadisənin fonunda qida zəhərlənmələrindən zərər çəkənlərin, eləcə də diger istehlakçıların əksər hallarda üzləşdikləri hadisələri ictimailəşdirmədiklərini, hüquqlarını qorumadıqlarını görürük.

Təəssüf ki, elə bu amil də oxşar hadisələrin davam etməsinə şərait yaradır. Bu və ya digər formada qidadan, spirtli içkidən zəhərlənən şəxslərin onlara dəymiş zərərə görə məhkəmələrə müraciət etməsi, hüquqlarını tələb etməsi faktı demək olar ki, yoxdur. Olsa da, bu barədə hər hansı məlumat indiyədək ictimailəşməyib. Eləcə də məclis sahibləri… İndiyədək hər hansı toy sahibinin şadlıq evi tərəfindən verilmiş qidaların onun qonaqlarını zəhərləməsinə görə iddia qaldırması, kompensasiya tələb etməsi barədə nə eşitmişik, nə də görmüşük. Halbuki qanunvericilik bunun üçün kifayət qədər imkanlar yaradıb.

Vəkil Nəriman Əliyev bildirir ki, zəhərlənmiş şəxs (zərərçəkmiş) qida məhsulunun təqdim olunduğu hüquqi və ya fiziki şəxsdən, yəni şadlıq sarayından məhkəməyə şikayət edə bilər. Əgər yemək bu müəssisəyə məxsus mətbəxdə hazırlanıbsa, vətəndaşın işi lap asanlaşır. Bununla yanaşı, məhsulu təmin edən tədarükçü - əgər zəhərlənmə spesifik məhsulla bağlıdırsa – məsələn, turşumuş ət və ya içki təqdim edilibsə, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu mülki məsuliyyət Mülki Məcəllə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanunla tənzimlənir.

Hüquqşünas əlavə edib ki, qida təhlükəsizliyi və sanitariya nəzarəti Qida Təhlükəsizliyi Agentliyi, Sanitar-epidemioloji xidmətlər tərəfindən həyata keçirilir. Əgər zəhərlənmə kütləvi və ya ölümcül nəticəlidirsə, cinayət işi başlana bilər. Məsələn, Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) və ya 200-cü maddəsi (istehlakçının aldadılması üzrə) bunu nəzərdə tutur və işə polis və prokurorluq orqanları nəzarət edir: “Əgər toy sahibi şadlıq sarayına xidmət haqqı ödəyib və o, yeməyi təmin edibsə, toy sahibi zərərçəkmiş sayılır və zərəri şadlıq sarayından tələb edə bilər. Bununla yanaşı, zəhərlənmiş hər bir vətəndaş da fərdi olaraq hüquqlarını tələb edə bilər. Zəhərlənən qonaqlar birbaşa qida təqdim edən subyektdən - şadlıq evi, şirkət və s. kompensasiya tələb edə bilər. Toy sahibi özü də əgər zərərə uğrayıbsa, nüfuz, mənəvi ziyan, maddi xərclər və s. müqavilə bağladığı qida təminatçısından məhkəmə yolu ilə tələb edə bilər. Bu müraciətlərə məhkəmə mülki qaydada baxaraq nəticə çıxarır. Ümumilikdə isə vətəndaşlar üzləşdikləri problem və hadisələrlə bağlı aidiyyəti üzrə Azərbaycan Qida Təhlükəsizliyi Aagentliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlaya bilərlər”.

Ölkəmizdə son illərdə baş vermiş qida zəhərlənmələrini təsnifatlaşdırsaq, 3 növ hadisələrə daha çox rast gəlinir. Bunlardan birincisi mənzillərdə kustar üsullarla hazırlanmış, konservləşdirilmiş qidalarla bağlı hadisələrdir. Keyfiyyətsiz spirtli içkilərdən və dönərdən zəhərlənmələr isə 2-ci və 3-cü yerləri tutur.

Lakin ölkəmizdə qida təhlükəsizliyinə cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyinin bu hadisələrlə bağlı profilaktik işlər aparmasını az görürük. Əvəzində agentlik daha çox böyük dövriyyəsi olan restoranları, iri sahibkarları hədəf alır. Küçələrdə və bazarlarda anti-sanitar şəraitdə saxlanılan və satışa təqdim edilən məhsullar, mənşəyi məlum olmayan yağlar və bunlarla hazırlanan çoxsaylı məhsullar, hər tində açılan təndirxanalar və sair isə nəzarətdən bir qədər kənardır.

Azərbaycanın ürək-damar xəstəliklərinin sayına görə dünyada ilk sıralarda olması, onkoloji xəstəliklərin ilbəil artması da ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.

AQTA-ya qida zəhərlənmələrinin statistikası, zəhərlənmənin baş verdiyi obyektlərin hansı müddətdən sonra və hansı şərtlərlə yenidən açılması, baş vermiş kütləvi qida zəhərlənmələri ilə bağlı hansı qurumların məsuliyyət daşıması kimi suallar ünvanlasaq da, sorğumuza ümumi cavab verildi.

Qurumdan yalnız o bildirildi ki, qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir: “Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir” (Qafqazinfo).